"Transfer çalışmalarımızı 99 faiz yekunlaşdırmışıq. Komandanın yeni mövsümə nə dərəcədə hazır olduğunu isə indidən dəqiq demək çətindir". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov deyib.

Klub rəhbəri komandanın hazırlıq səviyyəsi, mövsümün ilk turundan gözləntiləri və qarşıya qoyulan hədəflər barədə danışıb:

"Bununla bağlı daha real fikir yürütmək üçün ən azı mövsümün ilk oyununu gözləmək lazımdır. İlk turdan sonra komandanın hazırlıq səviyyəsi, çatışmazlıqları və üzərində işləməli olduğumuz məqamlar daha aydın görünəcək. Ola bilər ki, müəyyən çatışmazlıqlarımız olsun. Bunu normal qəbul edirik. Çünki heç bir klub mövsümün startına fasilədən sonra 100 faiz hazır vəziyyətdə çıxa bilməz. Yeni mövsümə uyğunlaşmaq, futbolçuların bir-birini daha yaxşı anlaması və komandanın oyun sisteminin tam oturuşması müəyyən vaxt tələb edir. İstər-istəməz komanda turlar ötdükcə daha optimal formaya düşəcək. Bizim üçün əsas məsələ ilk turdan etibarən mübarizə əzmini ortaya qoymaq və qələbə qazanmaqdır. Eyni zamanda, azarkeşlərimizə yaxşı və baxımlı futbol göstərmək istəyirik. Mövsüm ərzində bacardığımız qədər turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparmaq əsas məqsədlərimizdən biridir. Təbii ki, bunun nə dərəcədə mümkün olacağını zaman göstərəcək. Qarşımızda uzun mövsüm var və hər oyunda maksimum nəticə qazanmağa çalışacağıq. Hədəfimiz "futbol ili"nin sonunda yaxşı yerlərdən birini tutmaqdır".

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının ilk turunda "İmişli" ilə qarşılaşacaq.