Misli Premyer Liqasının I turunda "İmişli" ilə heç-heçə edən (0:0) "Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis qarşılaşma barədə düşüncələrini bölüşdü:

 

– Çətin oyun olacağını öncədən bilirdik. Hazırlıq prosesində müəyyən gecikmə oldu. Altı həftəlik toplanış əvəzinə beş həftə məşq edə bildik. Ümumilikdə futbolçuların göstərdiyi mübarizədən razıyam. Komandanın potensialı daha böyükdür və qarşıdakı günlərdə məşqlərdə çatışmazlıqları aradan qaldırıb, gələcək oyunlarda qələbələr qazanmaq istəyirik.

 

C. Hüseynov ardınca jurnalistlərin suallarını cavablandırdı:

 

– Qarşıda "Neftçi", "Sabah" və "Qarabağ"la matçlar var. Bu oyun komandanın həmin sınaqlara hazır olduğunu göstərdimi?

 

– Bizi ağır oyunların gözlədiyini yaxşı dərk edirik. Bu mövsüm çempionatın özü daha maraqlı keçəcək. İstər "Neftçi", istər "Sabah", istərsə də "Qarabağ"a qarşı eyni ciddiyyətlə hazırlaşacağıq. Çalışacağıq ki, həmin görüşlərdən maksimum nəticə ilə ayrılaq.

 

– Əvvəlki məşqçilik fəaliyyətinizdə rəhbərliklə müəyyən problemlər yaşanmışdı. "Araz-Naxçıvan"da istədiyiniz dəstəyi hiss edirsiniz?

 

– Klub rəhbərliyi mənə həddindən artıq dəstək olur. İstədiyimiz futbolçuları komandaya cəlb ediblər. Buna görə minnətdarlığımı bildirirəm.

 

– Mamadu Kanenin fiziki durumu nə yerdədir, "Neftçi"dəki performansını bərpa edə biləcək?

 

– Kanenin həmin oyununu görmək istəyirik, lakin o, komandaya ən son qoşulanlardan biridir. Ona görə də hələlik çox risk etmirik. Optimal formaya düşməsi üçün zamana ehtiyacı var. Fiziki durumunu düzəltdikdən sonra qarşıdakı oyunlarda real gücünü göstərəcək.