Avro-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Estoniya ilə Bakıda 1:1 hesablı bərabərliyə qalan Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb. 

- İlk hissənin aşağı səviyyədə keçirdik. Səbəbini anlamadım. Fasilədə 3 əvəzetmə etdik. Oyunda dönüş yaratdıq, son dəqiqədə qələbə də qazana bilərdik. Təəssüf ki, yalnız 2-ci hissədən razı qaldım.

- Ancaq ilk yarıda qapımızdan 3 top da buraxa bilərdik. Razısınız ki, estonların da bəxti gətirmədi?
- Razıyam, daha 2 qol da buraxa bilərdik. İlk 45 dəqiqədə onlar bizdən üstün idilər. Fasilədən sonra isə oyunda diqtə edən tərəf biz idik. 

- Bəlkə ilk hissə üçün start heyəti səhv seçmişdiniz?
- Xeyli vaxtdı 4-2-3-1 sistemi ilə oynayırıq. Beynimdə bu sxemin uyğun olmaması barədə fikirlər dolaşırdı. Ancaq startdan dəyişik sistemlə başlasaydım, məni öldürərdiniz. Fasilədən sonra fərqli futbol oynadıq.

- Azərbaycanda hamı sizdən qələbə gözləyir. Düşünmürsünüz ki, bu görüşdən sonra özünüz getməlisiniz?
- Sizcə, biz neçənci yeri tutmalıyıq bu qrupda? Seçim imkanımız azdı. Avtomobil keyfiyyətli olmalıdı.

- Ancaq bəzən maşın keyfiyyətsiz olanda, onu satırlar...
- Mən işimi yarımçıq qoymayacam. Ancaq qovsalar, gedəcəm.