"Qəbələ" Azərbaycan Kubokunun finalında "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub. Əyalət klubunun prezidenti Fariz Nəcəfov matçdan sonra brifinq keçirərək, Sport24.az-ın əməkdaşının da suallarını cavablandırıb.

- Bu qələbədən sora hansı hissləri keçirirsiniz?

- Komandaya, məşqçilər korpusuna təşəkkür edirəm. Layiqli qələbə qazandıq. Həm çempionatda 4-cü yeri, həm də Kuboku nəzərdə tuturam. Bütün azarkeşlərimizi təbrik edirəm.

- Heyəti qoruyub saxlamaq çətin olmayacaq?

- Çox çətindi, amma komandanın əsas sütununu qorumağa çalışacağıq.

- Baş məşqçiniz yeni transferlərlə bağlı sizə müraciət edib?

- Bununla bağlı yaxın günlərdə baş məşqçi ilə görüşəcəyik. Gedən futbolçuların yerinə yenilərini transfer etmək məcburiyyətindəyik.

- Büdcə ilə bağlı dəyişiklik var?

- Xeyr. Ciddi bir dəyişiklik yoxdu.

- "Qəbələ"nin avrokuboklarda şansını necə dəyərləndirirsiniz?

- Gücümüz, potensialımız nəyə çatırsa, onu etməyə çalışırıq. "Qəbələ" Konfrans Liqasında iştirak etməyə layiqdi. Orada necə iştirak edəcəyimizi isə zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyimizi deyə bilmərəm.

- Legionerlərinizə təkliflər çoxdu. Onlarla yeni müqavilə ilə bağlı danışığınız olub?

- Məndə olan məlumata görə, legionerimizin ilk danışıq aparacağı klub "Qəbələ"di. Bizimlə razılaşmasalar, başqa kluba gedəcəklər.

- "Qəbələ" iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Buna görə də komandadan gözləntilər çoxdur. Bu hadqa nə düşünürsünüz?

- Yəqin ki, Konfrans Liqasında potensial rəqiblərimizi görmüsüz. Başqa söz demək istəmirəm. Potensialımızdan maksimum istifadə edib ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq.

 

 

MEHMAN SÜLEYMANOV