"Yoldaşlıq görüşündə "Şamaxı"ya qalib gəlsək də, bu cür oyunların əsas xüsusiyyəti səhvlərimizi görməkdir. Bu matçda da bəzi səhvlərimiz oldu, bəzi epizodlarda sadə oynamadıq. Ancaq dediyim kimi bu oyunların əsas cəhəti səhvləri üzə çıxarmaqdır. İnanıram ki, fasilədən sonrakı ilk oyunumuza kimi bunları aradan qaldıracağıq".

 

Bu sözləri Sport24.az saytına açıqlamasında "Sabah"ın futbolçusu Boyan Letiç deyib.

 

Bosniya və herseqovinalı müdafiəçi mövsümün ilk dövrəsini komandası üçün müsbət dəyərləndirməyib:

 

"Müsbət dəyərləndirə bilmərəm. Fikrimcə biz daha yaxşısına qadirik. Ancaq komandanın hər bir üzvü futbolda belə halların yaşana biləcəyini yaxşı bilir və bunu düzəltmək üçün çalışır. Hər birimiz mümkün olan ən yaxşı nəticə üçün çalışırıq".

 

Letiç bu mövsüm "Sabah"ın hədəfi avrokuboklara vəsiqə qazanmaq olduğunu açıqlayıb:

 

"Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün də həm çempionatda, həm də kubokda sona kimi mübarizə aparmalıyıq. Mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanmağı çox istərdim. Çünki, bu, əvvəl çıxış etmədiyimiz daha yüksək səviyyədir".