Əgər Premyer Liqada çempionluq uğrunda 2 komanda mübarizə aparırsa, Birinci Liqada vəziyyət daha mürəkkəbdi. Bəli, hazırda "Şəfa" əsas rəqiblərini bir qədər arxada qoyur. Ancaq nəzərə alsaq ki, qarşıda hələ kifayət qədər qarşılaşma qalır, rəhmətlik Fuad Musayevin adını qoyduğu kollektivin çempionluğu barədə danışmaq bir qədər tezdi. Qızıl medallara digər iddialılara gəlincə, bunlar "Sportinq Baku", "Səbail" və "Mingəçevir"di. Biz bu dəfə sözügedən "dördlüy"ə bir qədər fərqli prizmadan baxmağı qərara aldıq.
Maraqlıdı, 90 dəqiqə ərzində ədaləti qoruyanlar bu komandaların lehinə neçə penalti verib? Qərarlara toxunmayacağıq, çünki eyni epizodlara bir dəfə göydən, bir dəfə sistem tənliyi həlli ilə, bir dəfə yerin altından baxmağı təklif etməklə, hakimlərin qərarlarına don geyindirmək mümkündü. Ona görə də diqqətinizi adıçəkilən kollektivlərin qolla nəticələnən penalti saylarına yönəldirik.
Komandaların ardıcılllığını da turnir cədvəlində hazırki mövqelərinə uyğun düzəcəyik.
Başlayaq "Şəfa"dan. Lider lehinə verilən penalti sayında da liderdi. Elgiz Kərəmlinin baş məşqçisi olduğu komanda "nöqtə"dən nə az, nə çox, düz 6 dəfə fərqlənib. Bu, "Şəfa"nın çempionatda vurduğu qolların 13,95 faizini təşkil edir.
İkinci pillədəki "Sportinq Baku" isə penaltidən 4 dəfə fərqlənib ki, bu vurduqları ümumi qol sayının 13,8 faizini təşkil edir.
Üçüncü pillədəki "Səbail" isə mövsüm ərzində 1 penaltidən fərqlənib. Bu, Adil Şükürovun komandasının vurduğu qolların 3,85 fazini təşkil edir.
Nəhayət, "Mingəçevir" haqda. Bölgə təmsilçisi 3 dəfə penaltidən fərqlənməyi bacarıb ki, bu, onların ümumi qol sayının 10 faizini təşkil edir.
Maraqlı statistikadı, deyilmi. Yəni, doğrudanmı arxada qalan 1710 dəqiqə ərzində çempionluğa iddialı "Səbail"ə qarşı görüşlərdə rəqiblər cərimə meydançasında cəmi 1 dəfə qayda pozuntusuna yol verib? "Qara libas"lı yoldaşlar özləri də gözəl bilir ki, bu cür vəziyyət qətiyyən ola bilməz! Biz hələlik sadəcə, bu statistikanı göstəririk. Ona görə göstəririk ki, müvafiq qurumlar nəticə çıxarsın. Elə "Şəfa"nın statistikası da ciddi siqnaldı...
Birinci Liqa nisbətən diqqətdən kənarda qalan çempionatdı, amma bu cür halları Premyer Liqaya da daşımaq istəyənlər barədə sabah UEFA-dan siqnallar gəldikdə futbolumuz adına heç də xoş imic formalaşmayacaq.