Çempionlar Liqasının ilk iki turunda qələbə qazanmaqla Avropanı təəccübləndirən "Qarabağ" dünən "Atletik"ə məğlub oldu. Buna görə üzülməyə dəyərmi? Heç şübhəsiz ki, hamımız Qurban Qurbanovun komandasının qələbə seriyasını davam etdirməsini istəyirdi. Hətta Leandro Andrade ilk saniyələrdə rəqib qapısına yol tapanda ağdamlıların daha bir möcüzəyə imza atacağını düşünənlərin sayı yetərincə çox idi. Təəssüf ki, təmsilçimiz Bilbao səfərindən yenik ayrıldı. Ancaq "Qarabağ"ın futbolçuları başını dik tuta bilərlər...  

Oyundan sonra sosial şəbəkələrdə "Qarabağ"ın qələbəni əldən verdiyini, baş məşqçinin yanlış heyət qurduğunu, əvəzetmələrdə gecikdiyini yazanları görəndə bir tərəfdən sevindim, bir tərəfdən də məyus oldum.

Sevindim ki, artıq azarkeşlərimizin iştahı artıb, daha tələbkar olublar. Əvvəllər təmsilçilərimizin rəqib qapısına bir qol vurmasına sevinənlər indi İspaniya səfərində komandamızdan qələbə tələb edirlər. Bu artıq "Qarabağ"a inamdan, ağdamlılara güvəndən xəbər verir ki, bu da təqdirə layiqdir.

Bir tərəfdən də ona üzüldüm ki, millisi FİFA reytinqində ilk "100-lük"dən kənarda qalan ölkənin təmsilçisinin baş məşqçisini titanların qatıldığı turnirdə bir yenilgiyə görə qınayır, onu səhv qərarlar verməkdə ittiham edirlər. Qurban Qurbanov Azərbaycan futbolunun markasıdır, son illər köməkçiləri ilə birlikdə ölkə futbolunun yükünü çiynində daşıyan mütəxəssisdirdir ki, bunu bir daha təkrarlamağa ehtiyac yoxdur. Onun yetirmələri 3 turdan sonra nəhənglərin yer aldığı turnirdə 6 xalla turnir cədvəlinin 13-cü pilləsində yer alıb ki, bu sıradan bir uğur yox, möhtəşəm nəticədir.  Çempionlar Liqasında yeni mövsümün startı ərəfəsində ən nikbin azarkeş belə Liqa mərhələsinin 3 turundan sonra ağdamlıların 13-cü pilləsində yer alacağını ağlından belə keçirə bilməzdi. Bu nağıl kimi görünə bilərdi, ancaq "Qarabağ" bunu gerçəkləşdirdi.

Dünənki oyuna gəlincə isə, 72-ci dəqiqədə qarşılaşmanın baş hakimi İqor Payaç təmsilçimizin lehinə penalti verməməklə bəlkə də matçın yekun nəticəsinə təsir edən səhvə yol verdi. Rəqibin müdafiəçisi Aleksey Kaşukun "çərçivə"yə gedən topunu xəttin üzərindən çıxartmasaydı, bəlkə də bu gün "köhnə qitə"də yenə "Qarabağ" möcüzəsindən danışılırdı.

"Atletik"ə məğlubiyyət dünyanın sonu deyil. Qurbanovun komandası 8 oyunun hamısını udası deyildi və nə vaxtsa yenilməli idi. Hələ qarşıda 5 oyun var və heç nə itirilməyib...