"İlk növbədə bütün azarkeşlərə təşəkkür edirəm. Bizə sonadək dəstək oldular". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov deyib.

Təcrübəli müdafiəçi Bakıda İngiltərənin "Nyukasl" komandasına uduzduqları (1:6) UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu haqqında fikirlərini bölüşüb:

"Matç istədiyimiz kimi alınmadı. Son qarşılaşmalarda çətinlik çəkirdik. Amma bu, Çempionlar Liqasıdır. Burada hansı səviyyənin olduğunu görürük. Bugünkü görüşə hazırlığımız yaxşı keçmişdi. İlk hissədə baş məşqçinin dediklərini edə bilmədik. İkinci yarıda bir az toparlandıq"

Hüseynov bəzi səhv etdiklərini deyib:

"Bugünkü səhvlərdən dərs çıxarmalıyıq. Növbəti matça daha yaxşı hazırlaşmaq niyyətindəyik"

Təcrübəli oyunçu daha çox meydana çıxmaq istədiyini, lakin bir neçə turnirdə mübarizə apardıqlarını xatırladıb:

"Baş məşqçimiz də rotasiya etməlidir. Futbolçuların hamısı hər an hazır olmalıdır. Gənc futbolçularla eyni tempdə məşq etməyə çalışıram. Gücüm çatdığı qədər komandaya kömək edəcəyəm. Özümü ancaq "Qarabağ"da görürəm".