"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XVII turunda "Qarabağ"a səfərdə 0:3 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda fikirlərini bölüşüb. 

- Oyunun çətin keçəcəyini bilirdik. Ona görə ki, heyətimizdə itkilər - cəzalı və zədəli futbolçularımız vardı. "Qarabağ" da yaxşı təşkilatlanmış komandadı. Heyətimiz kasad olduğundan rotasiyaya getməyə məcbur idik. İki fərqli hissə oldu. İlk hissədə oyunumuzdan bir az narazı qaldıq. "Qarabağ" bizdən hər cəhətdən üstündü. Ancaq yenə təslim olmuruq. Oyunumuzla turnir cədvəlində yuxarı qalxmağa çalışacağıq.

- "Qəbələ"nin oyunu göz oxşayır. Maraqlıdı ki, baş məşqçi olaraq qarşınıza avrokuboklara düşmək məqsədi qoyulub?

- Sizi inandırım bu, qarşımızda durmayıb ki, nəyib bahasına olursa-olsun buna nail olaq. Sadəcə, komandamızı qarşıdakı oyuna hazırlayırıq. Öz oyun dəst-xəttimiz var. İnanıram ki, hücum planında daha məzmunlu olacağıq.

- İnanırsınız avrokuboklara bu mövsüm düşməyə?

- Niyə də yox? Büdcə düşsə də, potensialımız var. Oyunlarda göstəririk ki, rəqiblərimizdən geri qalmırıq.