"Şerif"lə "Qarabağ"ın sistemi eynidir. Hər iki klub bütün dünyadan legionerlər dəvət edir və onlara yaxşı məvacib verir. Ona görə də əcnəbilər Bakı və Tiraspola gəlirlər". Sport24.az xəbər verir ki, bu fikirləri Rusiyada fəaliyyət göstərən "Qarabağ" futzal klubunun baş məşqçisi Elnur Vəliyev "moldfootball" nəşrinə müsahibəsində deyib.

Ağdamın "Qarabağ" klubu ilə Moldova "Şerif"ini müqayisə edən 35 yaşlı mütəxəssis Azərbaycan çempionunun daha yaxşı büdcəyə sahib olduğunu bildirib: "İki komanda arasında yeganə fərq odur ki, "Şerif" futbolçulara 10 min ABŞ dolları, "Qarabağ" isə bundan 5 dəfə çox ödəyir. Ona görə də Azərbaycan çempionu avrokuboklarda 3 dəfə "Şerif"i mübarizədən kənarlaşdırıb".

Hazırda Moldov "Zimbru"sunda təcrübə keçən Vəliyev bu komandanı seçməsinin səbəbini açıqlayıb: "Mənə gənclərlə iş daha maraqlı gəlir. 35 yaşım var və başa düşürəm ki, yaxın vaxtlarda "Qarabağ" və "Şerif" kimi yüksək büdcəli klublarda işləməyəcəyəm. Ona görə də "Zimbru"da təcrübə keçmək mənim üçün daha faydalıdır".

Gənc baş məşqçi əvvəllər Azərbaycanda legionerlərə daha çox pul verildiyini xatırladıb: "Elə ki büdcə azaldıldı, əcnəbilər dərhal ölkəni tərk etdilər. Klublar isə buna hazır deyildi. Çünki heç kim gənc futbolçu yetişdirmək barədə düşünmürdü. Hamı təcrübəli və hazır oyunçuları götürürdü".

Vəliyev Moskvada təsis etdiyi "Qarabağ" futzal komandasından da danışıb. Onun sözlərinə görə, ilk vaxtlarda maliyyə və təşkilati problemlərlə üzləşib: "Öz cibimdən xərcləyirdim. Üstəlik, Azərbaycanda birlikdə oynadığım uşaqlar da kömək edirdi. 23 yaşımadək Premyer Liqada, I Diviizonda və futzal çempionatında oynadım. Komanda yoldaşlarımın bir çoxu Moskvaya köçmüşdü. Amma daha sonra fikrimi bəyənən insanlar üzə çıxdı və sponsorlar gəldi. Turnirlərə daha yaxşı hazırlaşmaq üçün ciddi məşq etməyə başladıq. Bunun üçün zal icarəyə götürdük, yoldaşlıq görüşləri keçirdik".

Mütəxəssis koronavirus pandemiyası ilə bağlı klubun fəaliyyətini müvəqqəti olaraq dayandırdıqlarını söyləyib: "İnanıram ki, payızda çıxışımızı bərpa edəcəyik. Dostum Ramil Adıgözəlov da mini-futbol üzrə Moldova çempionatında çıxış edən "Qarabağ" adlı klub yaradıb. Hətta onun dəvəti ilə bu komandada bir oyun keçirmişəm. Belə çıxır ki, "Qarabağ" adlı 3 klubun (Bakı, Moskva və Kişinyovda) formasını geyinmişəm (gülür)".

Vəliyev futzal üzrə Azərbaycan millisinin heyətində braziliyalı oyunçuların sayının çox olmasına da münasibət bildirib: "Əvvəllər bu, müsbət hal idi. Yerli futzalçılar səviyyələrini artırmaq üçün kimdənsə öyrənməli idilər. Bu iş üçün ən yaxşı variant braziliyalılardır. İlk vaxtlarda ölkədə daha yaxşı legionerlər gətirib, onları milliləşdirmişdilər. İndikilər isə onlar kimi deyil. Serjao və Biro Jade kimi braziliyalıların dövründə yığma Avropa çempionatının yarımfinalına çıxdı. Hazırkı əcnəbilər isə açıq-aşkar onlardan zəifdirlər".

O, hazırda yığmada gənc futzalçı qıtlığının olduğunu gizlətməyib: "Futzaldan başı çıxanlar bilirlər ki, bu barədə vəziyyət yaxşı deyil. Heyətdə yalnız 3-cü qapıçının 19 yaşı var. Digərlərinin yaşı 26 və daha çoxdur. Moskvada "Qarabağ" klubunu yaradanda Rusiyanın I Liqasında oynamaq və komandaya istedadlı azərbaycanlı futzalçıları gətirmək istəyirdim. Bu yolla onlar təcrübə qazanacaqdılar. Amma məni dinləmədilər və üstünülüyü əvvəlki kimi braziliyalılara verdilər" (report.az).