"Biz püşkatmadan şikayət etmirik". Sport24.az xəbər verir ki, bu sözləri Litva millisinin baş məşqçisi Edqaras Yankauskas deyib.

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan mütəxəssis püşklə bağlı fikirlərini bölüşüb:

"Bilirik ki, bu qrupdakı bütün komandalar bizim üçün məğlubedilməzdir. Heç bir qarşılaşma asan olmayacaq və daha yüksək Liqaya qalxmaq üçün bütün səylərimizlə mübarizə aparacağıq".

Çalışdırıcı 2-ci qrupdakı rəqibləri haqqında danışıb:

"Əlbəttə ki, Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadır. Onların Avropa təcrübəsi olan futbolçuları var. Çünki "Qarabağ" klubu tez-tez Avropanı öz futbolu ilə təəccübləndirir. Bu, yerli çempionatda yığmaya ən çox oyunçu göndərən klubdur. Azərbaycan millisi son illərdə ən yaxşı dövrünü yaşamır və azərbaycanlılar da oyunlardan, nəticələrindən məmnun deyillər. Bu qrupdakı hər üç komandanın məqsədi C Liqasına yüksəlmək olacaq".

Litvalı baş məşqçi həmyerlisi Valdas Dambrauskasın "Sabah" klubunda işlədiyini xatırladıb:

"Əlbəttə ki, Valdasla danışacağıq. Onun məşqçilik etdiyi kollektivdən də bir neçə oyunçu Azərbaycan millisinin heyətindədir. Bu matça hazır olmaq üçün bütün mümkün məlumatları toplayacağıq".