"Milli komandalara görə yaranmış fasilənin komandamıza necə təsir göstərdiyini qarşıdakı çempionat oyununda daha dəqiq görəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
41 yaşlı mütəxəssis fasilə dönəmində komanda üzvlərinin yaxşı hazırlıq keçdiyini də vurğulayıb:
"Ümumilikdə bu günə qədər hər şey qaydasında gedir. Fasilə müddətində çatışmazlıqlar üzərində daha çox işləmək imkanı əldə etdik. Heyətin hər bir üzvü hazırlıq prosesində lazımi qədər məşq etdi. Mövsüm başlayanda futbolçulara bildirmişəm ki, bütün qarşılaşmalara adi çempionat oyunu kimi yanaşmalıyıq. Komandaya bunu aşılamağa çalışırıq. Taktiki və texniki cəhətdən fərqli oynasaq da, beyin və düşüncə olaraq adi matç kimi yanaşırıq. "Qarabağ"a qarşı oynamaq hər bir komandaya böyük zövq verir. Komandamız isə son görüşlərdə sabit çıxış edir. Çalışacağıq sabitliyi qoruyub saxlayaq".
Qeyd edək ki, hazırda aktivində 21 xal olan "Kəpəz" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.