Misli Premyer Liqasının VI turunun "Şamaxı" – "Araz-Naxçıvan" oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Anım Günüdür. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə güc-qüvvət versin. Oyuna gəlincə, "Araz-Naxçıvan" iddialı, çox yaxşı komandadır. Yaxşı hazırlaşmışdıq. Ötən matçda məğlub olmuşduq, amma xal qazana bilərdik. Bu gün də futbolçular çox yaxşı oynadı. Nəticədən əlavə, istədiklərimizi meydanda etməyə çalışırlar. 2 və 3-cü qolu vurmaq olardı. Fasilədən sonra dəyişikliklər oldu. Gənclərə şans verdik. Onlar da yavaş-yavaş inkişaf edir. Bizimçün mühüm xal idi. İlkin hədəf uduzmamaq idi. Çempionat gərginləşir, hər xalın önəmi var. Gələcəkdə daha yaxşı olmaq istəyirik.

 

– 3 həftədən çoxdur, adınız milli ilə hallanır. Bunlar fonunda komandanı oyuna hazırlamaq çətin olmur?


– Çalışırıq ki, əvvəlcə özümüz psixoloji hazır olaq. İki tərəfə də diqqətimizi itirmirik. Söz-söhbətlər normaldır. Federasiya işlər görür. Nəsə təsiri yoxdur.

 

– Təklif almısınızmı?


– Təklif olunub, danışıqlar gedir. Yaxın günlərdə qərar veriləcək.

 

– Təklifin sizi qane etmədiyi deyilir…


– Təklifdə müüqavilə müddəti məsələsi yoxdur. Peşəkar danışıqlar gedir. Oyun sayı, müqavilə müddəti söhbəti deyil. Versiyaların olması normaldır. Əsas yığmadır və söhbətlər bundan sonra da olacaq. Danışığımızda müddətlə bağlı problem yoxdur.

 

– Fransa səfərinə hazırlaşmısız?


– Təklif, inam varsa, kənara çəkilmək olmaz. Xırda detallar var. Onlar da yoluna qoyulsa, təklifi qəbul etmək olar.

 

– Oyunda qırılma nöqtəsi nədir ki, yaxşı oynasaz da, qələbə qazana bilmirsiz…


– Heyətimizdə yeni oyunçular var. Uyğunlaşmalarına vaxt lazımdır. Sonluq çatmır. Bu gün oyuna nəzarət, hücumlar bizdə idi, amma sonluq gəlmədi. İnanıram ki, yaxşı olacaq. Futbolçularımız çox artırıb. Əsas odur, tempi saxlayaq.

 

– Şuaybunun qolları sıralamağının vaxtıdır?


– Hazırdır. Onu başa düşmək lazımdır. Çətin periodlardan keçib. Çox istəklidir. Məşqlərdə özünü yaxşı göstərir. Bu gün də yaxşı oynadı. Kərim Rossi ilə yaxşı tandem olublar.

 

– Həbibin debüt matçında qol vurmaq şansı var idi…


– Onun böyük potensialı var. İnanırıq. Belə epizodları qaçırmaq olur. Oyuna girəndə ona demişdim ki, şansın olacaq.

 

– Dövlət tərəfindən edilən yardımda gecikmələr var. Sponsorsuz bir vəziyyətdə işlər daha çətinləşmir?


– Mövsümün əvvəlindən bu haqda danışmışıq. Çətinliklər olur. Amma rəhbərlik sağ olsun, motivasiyanın olması üçün işlər görür.

 

– Millinin təklifini qəbul etsəniz, "Şamaxı"da qalacaqsınız?


– Mövsümün sonuna kimi "Şamaxı"da olacam.