"Komandanın hazırlığı normal keçdi. Bu həftə bizim üçün bir az ağır oldu". Bu fikirləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Tovuz klubu Premyer Liqada növbəti ev matçında bu gün "Neftçi"ni qonaq edəcək. Abbasov bu rəqiblə matça hazırlıqda üzləşdikləri sıxıntılardan danışıb: "Ona görə çətin keçdi ki, Şəhriyar Əliyev, Xəyal Nəcəfov və bir çox futbolçumuz həftə ərzində xəstələnmişdilər. Nəticədə bir-iki məşq buraxdılar. Bu, bir az məni narahat edir".

42 yaşlı mütəxəssis çətin oyuna çıxacaqlarını söyləyib: "Bilirik ki, "Neftçi" son turlarda daha yaxşı çıxış edir. Elə "Zirə"ylə son matçı götürsək, bəlkə də çempionatda ən yaxşı oyunlardan birini keçirdi. Bu da ondan irəli gəlir ki, yeni futbolçular oyundan-oyuna uyğulaşırlar. Çətin matç gözləyir bizi. "Neftçi"də yeni futbolçular çoxdu. Baş məşqçisi də yenidi. Əlbəttə, evdə, doğma azarkeşlərimiz qarşısında oynayırıq və onları qələbəylə sevindirmək fikrindəyik".

Xatırladaq ki, "Turan Tovuz" turnir cədvəlində 4-cü, "Neftçi" 6-cı pillədə qərarlaşıb və aralarında xal fərqi 2-di.

 

 

MEHMAN SÜLEYMANOV