Avrokuboklardakı builki təmsilçilərimizdən yalnız "Sumqayıt"da baş məşqçi məsələsi açıq qalırdı ki, buna, nəhayət, aydınlıq gəldi. Belə ki, 2018-ci il noyabrın 14-də bu posta təyin olunan Ayxan Abbasovla yeni müqavilə imzalandı: gənc çalışdırıcı növbəti mövsümdə də sumqayıtlıarın "sükanı arxası"nda olacaq. 40 yaşlı Abbasov Sport24.az-a müsahibəsində bu və digər məqamlardan danışıb. 
 

- Danışıqlarınız əvvəlki mövsümlərlə müqayisədə daha uzun çəkdi. Müqavilə imzalanandan sonra olsa da, sövdələşmənin belə uzanmasının səbəbini indi açıqlaya bilərsinizmi?

- İki həftə rəhbərliklə danışıqlarımız, müzakirələrimiz oldu. Bu, normaldı, yaxşı haldı. Nəzərə alaq ki, çox ağır bir mövsüm keçirdik və marafonun əvvəlində sıralarımızı xeyli futbolçu tərk etmişdi. Amma şükürlər olsun ki, tez bir zamanda həmin boşluqları doldura bildik. Bəzi futbolçularımız var idi ki, həmin il bizimlə idilər, sadəcə, az oynayırdılar. Amma bu mövsüm əksi oldu, onlara güvəndik, onlar da bu etimadı doğrultdu. Bu futbolçuların bizimlə davam edib-etməyəcəyini müzakirə edirdik, klubumuzun onların saxlayacağını bilmək istəyirdim. Bu, önəmlidi mənim üçün, çünki bir çoxları komandanı tərk edəndən sonra avrokuboklara vaxtımız az olur və yenidən o çətinlikləri gözümüzün qabağına gətirirdik. Əlbəttə, komanda olaraq inkişafımızı müzakirə edirdik - nələri edə bilərik, nələrə imkanımız çatır. Bir çox yenilik etmək istəyirdik və bunlar da müzakirə olunurdu. İnşallah, gələn illərdə şərait baxımından bu yenilikləri görəcəyik. Bu mövzuları əvvəlcə biz, daha sonra rəhbərlik də müzakirə etdi. Və yekunda büdcəyə uyğun bir razılaşma oldu. 

 

- “Sumqayıt”ı hər iki Mehdi tərk etdi: Cənnətov və Şərifi. Bu isə o deməkdi ki, həm qapıçı alınmalıdı, həm də forvard...

- İlk öncə Mehdi Cənnətovu qeyd eləmək istəyirəm ki, ən yaxşı futbolçularımızdan idi. İstəyirdik ki, bizimlə davam eləsin, çünki bu mövsüm həm Mehdi, həm də həmkarı Aydın Bayramov çox yaxşı oyunlar keçirdi. Bəlkə də iki bərabər qapıçımız var idi. Amma Cənnətov aldığı təklifdən sonra gəlib bizimlə danışdı və əlbəttə, klub olaraq ona uğurlar arzuladıq. Həmişə büdcəmizə uyğun hərəkət eləmişik. Mehdiyə indinin özündə də yalnız uğurlar arzu edə bilərəm. Əlbəttə, qapıçı axtarışındayıq. Belə götürsək, bizə hər mövqeyə oyunçular lazımdı. Amma bu gün ən birincilərdən qapı xəttidi və bu yöndə də işlərimiz gedir. İnşallah, yaxın zamanlarda istədiyimizə çata bilərik. Bildiyiniz kimi, Mehdi Şərifi bizdən gedəndən sonra İranda klubsuz qalmışdı, sonra müqavilə bağladığı klubda demək olar oyun praktikası yox idi. Amma Şərifinin oyununa bələd idik. Bilrisiniz ki, bizdə Əli Qurbani olmayandan sonra ikinci hücumçunun yolxuğunda çox əziyyət çəkirdik. Sadəcə, Mehdinin 6-7 ay oyun praktikasız qalması hardasa öz sözünü dedi. Amma son oyunlarda pis təsir bağışlamırdı. Həm "Keşlə"ylə çempionatda, həm də Kubokun finalında istədi komandaya kömək eləsin. Amma daha başqa ideyalarımız, fikirlərimiz var və buna görə də Şərifiyə da "çox sağ ol" deyərək ayrıldıq. Əlbəttə, istəyəcəyik ki, komandada iki güclü hücumçu olsun. Çünki hər mövqedə rəqabət olanda futbolçuların da inkişafına səbəb olur. 

- Vüqar Mustafayev, Əli Qurbani, Murad Xaçayev, Höccət Haqverdi, Tellur Mıtəllimov - bu futbolçuların müqaviləsi bitib. Onları saxlaya biləcəksinizmi?

- Adını çəkdiyiniz futbolçular bizim üçün önəmlidirlər. Vüqar Mustafayevlə həm "Zirə"də çalışmışam, həm də "Sumqayıt"da. Millimizin üzvüdü, həqiqətən bizim üçün önəmli futbolçudu. Bilirsiniz ki, Vüqar kapitanlarımızdan biridi. İnanıram ki, yenə bərabər olacağıq. Murad Xaçayev də bu il stabil artıran futbolçulardan oldu. Deyim ki, bizim üçün kritik oyunlarda ortaya çıxdı. Həqiqətən çox sevindim, çünki Muradla Vüqar ortada bir-birlərini çox yaxşı başa düşdülər. Bu, oyunumuzun yaxşı alınmasının səbəblərindən biri idi. Əlbəttə, onların yeni mövsümdə də bizimlə qalması məni çox sevindirəcək. İnanıram ki, bu yöndə problem olmayacaq. Höccət Haqverdi qısa bir zamanda komandamıza uyğunlaşdı, milimizin məşqçilərinin diqqət mərkəzində oldu və son toplanışa çağırıldı. İnanıram ki, o, daha yüksək potensialı olan futbolçudu. Ümid edirəm ki, Höccətlə də yolumuzu davam etdirəcəyik. Tellur Mütəllimovla bağlı deyim ki, bu mövsüm statisktikaya baxsaq, ən önəmli oyunlarda komandaya xeyir vermişdi, ancaq son matçlarda zədəli olduğunu bilirdik. Ümid edirik ki, Tellur də bizimlə olacaq. Əli Qurbani bir hücumçu kimi əlbəttə, öz işinin öhdəsindən gəlirdi. Komandanın vacib qələbələrində pay sahibidi. Təbii ki, zədələnməsəydi, bu gün qol sayını daha çox edə bilərdi. Belə deyək ki, onlarla danışıqlar gedir və çox istəyirəm ki, bu adını çəkdiyiniz, habelə çəkmədiyiniz digər futbolçular bizimlə olsunlar. Ümumən məşqçi üçün heyəti qorumaq, bir heyətlə çox vaxt çalışmaq bir üstünlükdü. Bunun müsbət yekunlaşacağına ümid edirəm. Hamısının qalmasının tərəfdarıyam və bunun üçün işlər gedir.

 

- Konfrans Liqası. Ayxan Abbasov neçə mərhələ istəyir?

- Əlbəttə, biz də istəyirik adlayaq, ancaq real da baxmaq lazımdı. Bu gün Konfrans Liqasında püşkün nəticəsi, kimin rəqib düşməsi çox önəmlidi. Keçən il avrokuboklarda debütümüz idi və Şimali Makedoniyanın builki çempionu "Şkendiya" düşmüşdü bizə. Çox güclü rəqib idi. Düzdür, pandemiyadan sonra bir oyun idi, tam komplekləşməmişdik. Amma məncə, rəqiblə başabaş mübarizə apardıq. Bu mövsüm çalışıb heyəti qorumaq, güclənmək lazımdı. Bir daha deyirəm ki, püşkatmadan çox şey asılı olacaq. Təcrübəmiz də var, çalışacağıq ki, mübarizə aparaq. Əlbəttə, bir mərhələ keçə bilsək, həm klubumuz, həm bizim üçün böyük bir irəliləyiş olacaq.

 

- Komandaya neçə yeni transfer gözlənilir?

- 3-4 transferin olmasını istəyirik. Qapıdan başlayaraq hər xəttə futbolçular transfer etmək fikrindəyik. Əlbəttə, büdcəyə uyğun hərəkət edəcəyik. Ancaq rəqabətin olması üçün bu mövqelərdə futbolçulara ehtiyacımız var.

 

- Xaricdə yaşayan həmyerlilərimizdən neçəsini gözaltı etmisiniz?

- Gözaltı deyəndə ki, təbii ki, çempionatın gedişatında bizə futbolçular təklif ediblər, baxmışıq, baxırıq. Gözləmədiyimiz halda elə variantlar çıxa bilər ki, bizə daha uyğun olsun. Onsuz da bu yöndə hər gün işimiz gedir. Şükür Allaha, bu gün bəyəndiyimiz futbolçular özlərini doğruldurlar. Bu, bizim üçün önəmlidi. Elə böyük seçimimiz də olmur. Səhv edəndə də büdcəyə uyğun transferlər olur, gətirdiyimiz futbolçulardan maksimum faydalanmaq istəyirik. Buna görə bu yöndə bir az ehtiyatlı hərəkət edirik. Amma şükür Allaha, bu futbolçulara digər komandalardan təklif gəlirsə, deməli, Azərbaycan çempionatında özlərindən söz etdirirlər. Bu gün həmin futbolçulara görə sevinirəm ki, digər komandalarımız sahib çıxmaq istəyir. Deməli, bu yöndə işimizin düzgün getməsinə işarə verir.

 

- Qarşıdan gələn mövsüm yenə də ilk turdan sonrakı konfransdakı kimi “qarşımıza konkret hədəf qoyulmayıb” deyəcəksiniz, yoxsa..?

- Bu hədəf, məqsəd bizdə dəb halını alıb ki, komanda yığılmamış, yaranmamış hədəflər qoyulur. Əlbəttə, hər bir komandanın, hər bir məşqçinin hədəfi var. Heç bir komanda uduzmaq istəmir, hamı qələbə qazanmaq istəyir zəif rəqib olsa da. Özündən güclü rəqib olanda isə təslim olmur oyundan qabaq. Əlbəttə, bu, futboldu, reallıqlar var və onunla barışmaq lazımdı. Ola bliər ki, rəqiblərimizin bizdən bəzi yöndə üstülükləri olsun. Amma həmişə demişəm ki, meydanda çalışırıq bunu çox büruzə verməyək. Yenə rəhbərliklə bu yöndə danışmışıq ki, döyüşkən, əzmkar komanda yaradaq. Gənclərimiz də var, onların inkişafı üçün təkan verməliyik, şərait yaratmalıyıq. Heyətimizə baxsaq, 2001-02-ci il təvəllüdlü futbolçular çıxış edir. Keçən mövsüm 2004-cü il təvəllüdlü Sənana debüt şansı vermişik. Bu, hədəflərimizdən biridi, yavaş-yavaş bunu artırmaq istəyirik. Bu gün futbolçularımız milidə çoxluq təşkil edir və bu, bizi sevindirir. Deməli, bu futbolçular daim oynayırlar, daim göz önündədilər. Əlbəttə, komandamız yaxşı çıxış eləməsə, milinin məşqçiləri də tam fərqli baxarlar. Yenə bu şəkildə davam edəcəyik. Rəhbərliklə birgə konkret bir hədəf qoyulmur ki, çempion olmalısınız, Avroliqa, yaxud Konfans Liqasına getməlisiniz. Hədəfimiz yenə mübarizə aparmaq, məğlub olmamaq, inkişaf etməkdi.

 

 

 

CEYHUN ƏLİYEV