Azərbaycan klubları 2026/2027-ci illər mövsümündə avrokuboklara möhtəşəm start verib.
Birinci təsnifat mərhələsi Azərbaycan futbolu üçün həm nəticələr, həm də oyun keyfiyyəti baxımından uğurlu alınıb.
Mübarizəyə ilk qoşulan "Sabah", "Qarabağ" və "Zirə" keçirdikləri bütün oyunlarda qələbə qazanaraq əsl güc nümayiş etdirdilər. Ümumilikdə təmsilçilərimiz indiyədək keçirdikləri 6 görüşün hamısından qalib ayrılıb. Təkcə nəticələr deyil, topların fərqi də diqqət çəkir – Azərbaycan klubları rəqib qapılarından 16 top keçirib, öz qapılarında isə cəmi 1 qol görüblər.
UEFA Çempionlar Liqasında mübarizə aparan "Sabah" Uels çempionu TNS-i hər iki oyunda məğlub edib. Masazır təmsilçisi əvvəlcə səfərdə 2:0 hesabı ilə qalib gəlib, cavab görüşündə isə 2:1 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib. Debüt etdiyi Çempionlar Liqasında belə inamlı başlanğıc klubun iddialarını artıracaq.
Azərbaycan çempionu "Qarabağ" da favorit statusunu tam doğruldub. Qurban Qurbanovun komandası İslandiyanın "Vestri" klubuna hər iki oyunda 3 cavabsız qol vuraraq ümumi hesabı 6:0 edib. Ağdam təmsilçisi həm oyun üstünlüyü, həm də hesab baxımından rəqibinə heç bir şans verməyib.
UEFA Konfrans Liqasında çıxış edən "Zirə" isə bəlkə də ən parlaq təsir bağışlayan komandalardan biri olub. Avrokuboklara vəsiqə qazandıqlarını sonradan bilən "qartallar" Gürcüstanın "Torpedo" klubunu hər iki qarşılaşmada üstələyərək rəqib qapısından ümumilikdə 6 cavabsız top keçiriblər. Komandanın həm müdafiədə etibarlı, həm də hücumda məhsuldar oyunu növbəti mərhələ öncəsi nikbinliyi artırır.
Beləliklə, hər üç təmsilçimiz ilk mərhələni maksimum nəticə ilə başa vuraraq II təsnifat mərhələsinə yüksəlib. Bu uğurlu başlanğıc həm UEFA reytinqi baxımından Azərbaycan üçün vacib xallar qazandırır, həm də ölkə futbolunun avrokuboklardakı iddiasını nümayiş etdirir.
Gələn həftə isə avrokubok həyəcanına "Neftçi" də qoşulacaq. Belə uğurlu başlanğıcdan sonra azarkeşlərin gözləntisi daha da yüksəlib. Ümid etmək qalır ki, II təsnifat mərhələsində mübarizə aparacaq dörd təmsilçimiz də uğurlu çıxışlarını davam etdirərək Azərbaycan futbolu üçün növbəti uğurlu avrokubok yayının əsasını qoyacaqlar.