Misli Premyer liqasının XV turunda doğma meydanda "Sabah"a (1:3) məğlubiyyət "Turan Tovuz" rəhbərliyini qəzəbləndirib. Sport24.az-ın əldə etdiyi məlumata görə, mövsümün əvvəlində çempionluq uğrunda mübarizə aparacağı deyilən "boz qurdlar"ın artıq avrokubok zonasından da kənarda qalması baş məşqçi Kurban Berdıyevin kreslosunu laxladıb. 

 

Kluba yaxın mənbədən redaksiyamıza ötürülən bilgiyə əsasən, Tovuz klubu 16-cı tur çərçivəsində, dekabrın 19-da keçiriləcək qərb derbisində "Kəpəz"lə matçda da xal itirəcəyi təqdirdə Berdiyevlə yollar ayrılacaq.

 

Klub rəhbərliyi artıq onu kimin əvəzləyəcəyi ilə bağlı da variantları nəzərdən keçirir. Söylənilənlərə inansaq, qərb təmsilçisi bu yaxınlarda "Neftçi"dən ayrılan Samir Abasovun xidmətində maraqlıdır. Namizədlər arasında başqa mütəxəssislərin adları çəkilsə də, rəsmilər əsas varinat kimi Abasovu nəzərdə tutublar. Onunla ortaq məxrəcə gəlmək mümkün olsa sumqayıtlı məşqçi bölgə təmsilçisinin "sükanı arxasına" keçəcək.