"Hər iki komanda üçün 6 xallıq oyundur. "Sabah" qələbə qazansa, çempionluq yolunda işin 70 faizini həll edəcək". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" "Sabah" qarşılaşmasından gözləntilərini bölüşüb:
"İndiki durumu nəzərə alsaq, hər iki komandanın oturuşmuş heyəti var. Fiziki baxımdan "Qarabağ"da yorğunluq ola bilər. Çempionlar Liqasındakı ardıcıl oyunlar, yol yorğunluğu oyuna təsir edə bilər. Psixoloji baxımdan üstünlük "Sabah"da ola bilər. Çempionatda ardıcıl matçlarda qələbə qazanırlar. Şanslar bərabərdir. Çempionatımız elə gedir ki, bəzən autsayder lider komandadan xal götürmək iqtidarındadır. Mübarizə mövsümün sonuna qədər davam edəcək".
Qeyd edək ki, "Qarabağ" – "Sabah" matçı martın 1-i saat 19:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.