"Qubaya futbolun qayıdışına çox sevinirik. Burda yaxşı infrastruktur və futbol oynamaq üçün əla şərait var. Dünən Qubada futbol bayramı alındı, təşkilatçılıq, qonaqpərvərlikdən də məmnunuq". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz Saatlı"nın prezidenti Ədalət Abdullayev deyib.
Klub prezidenti mövsümün ilk turunda hakim qərəzi səbəbindən məğlub olduqlarını və bundan şikayət etdiklərini vurğulamağı da unutmadı: "Maraqlı, bol qollu oyun alınsa da, baş hakim mənfi mənada oyuna möhürünü vurdu. Rövşən Rəcəbov çox ciddi səhvlərlə yadda qaldı, ürəkaçan hakim idarəçiliyi görmədik. Bundan başqa meydan sahibllərinin heyətində adı iştirak ərizəsində olmayan oyunçu meydana çıxmışdı. Hər iki məsələ ilə bağlı aidiyyatı qurumlara şikayətlərimizi bildirmişik və AFFA İntizam Komitəsindən ədalətli qərar gözləyirik. Ümumi götürəndə komandamızın çıxışı pis alınmadı. Düşünürəm ki, irəlidəki turlarda daha yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, II Liqanın ilk turunda "Araz Saatlı" səfərdə "Hypers Guba"ya 2:3 hesabı ilə məğlub olub.
ABDULLA İSMAYILOĞLU