Futbolda yeganə Olimpiya çempionumuz olan İqor Ponomaryov. Onun oğlu, milli komandamızın da üzvü olmuş Anatoli də özü kimi karyerasını 30 yaşınadək bitirməli oldu. Bundan sonra menecerlik edən, FİFA agenti olan kiçik Ponomaryov artıq məşqçilikdə də özünü sınayır. İsveçə dönən 39 yaşlı keçmiş yarımmüdafiəçi ilə əlaqə saxlayaraq suallarımızı ünvanladıq. 

- Özünüzü məşqçi kimi necə hiss edirsən?

- Yenidən futbolun içində olmağa başladım. Bu, çox xoşuma gəlir. Bəli, futbolda idim, sadəcə, agent kimi. Ancaq bilirsiniz, meydanda olanda özümü canlı hiss edirəm. İspaniyada demək olar 4 il yaşadıq, indi yenidən Stokholma köçməyi qərara aldıq. 

- Səbəb?

- Ailəm bunu istədi. Yanvarda İsveçə qayıtdıq. Bu zaman yenidən futbolla məşğul olmağı qərara aldım. Həmişə futbola qayıdırıq (gülür). İstəyim fəaliyyətimi baş məşqçi kimi davam etdirmək idi. Mənə İsveçin III Divizionundan zəng gəldi. Bu, Stokholm təmsilçisidi - "Nevroz" adlanır. Məşhur bayramın şərəfinə verilib.  

- Bəli, milli bayramımız olan Novruz...

- Elədi. Klubun sahibləri kürdlərdi və belə ad veriblər komandaya. 15 yaşı var "Nevroz"un. Çıxışına vaxtilə VIII Divizionda başlayıb. Keçən mövsüm isə II Divizionda çıxış edirdi və aşağı düşdü. Düşünürdülər ki, 3-cüdən də yuvarlanacaqlar. Çünki bütün futbolçular komandadan getdi və heyəti yenilərdən qurulub. Baş məşqçiləri ilə nəsə problemləri oldu və yeni mövsümün starına 2 həftə qalmış onu vəzifəsindən çıxardılar. Onda mənimlə əlaqə saxlayaraq "Komandanın götürmək istərdinmi" deyə soruşdular. 

- Debüt matçını necə xatırlayırsan?

- 1:0 hesabıyla irəlidə idik və 90+4-cü dəqiqədə qol buraxaraq qələbəni əldən verdik. Bu 1:1 debütümdə xala başladığımız nəticə idi. Son 8 matçın 6-da qələbə qazanmışıq, 2-də heç-heçə olub. 9:2, 4:1, 5:1 hesablı inamlı qələbələrimiz olub. Hazırda 2-ci pillədə gedərək liderdən cəmi 1 xal geriyik. Məqsədimiz komandanı II Diviziona qaytarmaqdı. Bilirsiniz, futbolçular səni dinləyib dediklərini edəndə, lazımı səviyyədə oynayanda, komanadada hər şey pozitiv olanda, həm xoş, həm də maraqlı olur. Görürsən ki, fikirlərin, ideyaların həyata keçir. Bir sözlə, həyatımın xoş anlarıdı.

- Məşqçi üçün lisenziya da vacibdi. Bunu necə həll etmək fikrindəsən?

- Əlbəttə, UEFA-nın C-dən başlayaraq bütün kateqoriyaları oxumağa gedəcəm. İsveçdə bunları keçmək üçün 3-5 il lazımdı. Sadəcə, İsveç Futbol Assosiasiyası son illərdə belə qayda tətbiq elədi ki, veteran futbolçulardan minimum 7 mövsüm yüksək liqada çıxış edəndə - fərqi yoxdu İsveçdə, yaxud Avropada - bütün kateqoriyaları almağı çox tez başa vura bilərlər. Biz də bunların hamısı bir yerdə oxuyaraq 8 aya alacağıq. Sentyabrda kursa yazılaraq məşqçi təhsilimə başlayacam. 

- Futbolçu, agent və məşqçi Anatoli Ponomaryov. Müqayisə edəndə hansı fərqləri qeyd edərdin?

- Əlbəttə, futbolçu olanda arzum yaxşı komandaya düşmək, oynamaq, inkişaf etmək idi. Məşqçi kimi də arzularım belə böyükdü. Və təbii ki, əsas məqsədim bir gün Avropada böyük səviyyədə çıxaraq super komandanı çalışdırmaqdı. Belə də olacaq bir gün, buna əminəm. Agentlik isə tam başqadı. Bu, daha çox biznes qurmaqla, pul qazanmaqla bağlı bir fəaliyyətdi. Gənclərə və yaxud təcrübəli futbolçuara kömək etməyə, arzularını həyata keçirməyə çalışırsan. Ancaq futbol meydançasında yaşayıram. Bu zaman məndə enerji, hər şey olur. Futbolçu olanda da belə hisslərim vardı, məşqşi olanda da. 

- İsveçdə yaşayan azərbaycanlı futbolçuları komanda cəlb etmək perspektivini necə görürsən?

- Öncə onu deyim ki, köməkçim azərbaycanlıdı - Rüfət Əhmədov. Bakıdandı, komandanı birgə hazırlayırıq, əsas köməkçimdi. 48 yaşı var, futbolda təcrübəli mütəxəssisdi. İsveçdə də komanda çalışdırıb, yüksək liqa klubunun akademiyasında işləyib. Gənclərlə işləməklə yanaşı, müxtəlfi divizionlarda əsas komandalarda baş məşqçi olub. Əlbəttə, yaxşı azərbaycanlı futbolçu olsa, niyə də komandamızda olmasın?! Ola bilər ki, nə vaxtsa super klubu çalışdıranda, 1-2 azərbaycanlı futbolçum olacaq. 

- Bəs, məşqçi kimi gələcəkdə təcrübə yığandan sonra Azərbaycanda işləmək istərdin? Bu, planlarına daxildi, yoxsa İsveç və Avropanı daha məqsədəuyğun sayırsan?

- Azərbaycanda məşqçi işləmək əlbəttə ki, arzumdu. Niyə də yox? Bu, xoş olardı. İstərdim yaxşı komandada çalışım, futbolçuları inkişaf etdirim. İsveçdə normaldı işlərim. Sadəcə, Azərbaycan ürəyə daha yaxındı. Hər halda, orda anadan olmuşam, milli komandasında çıxış etmişəm. Bu iki ölkədən hansında yaxşı komandanı çalışdırmaq seçimim olsaydı, fikrimcə, Azərbaycanı seçərdim. Hər halda, İsveçdə yalnız klubda oynamışam, Azərbaycanda isə həm də yığmada. Hesab edirəm ki, İsveçdə məşqçi işim yaxşı alınacaq. Çünki həm də dil üstünlüyüm var, müxtəlif dillərdə danışıram - ispanca, rusca, ingiliscə, isveçcə. Bununla da müxtəlif milliyyətdən olan futbolçularla onların dillərində rahat ünsiyyət qura bilirəm. İndi bütün fikrimi işə yönəltmişəm ki, təcrübə toplayım, yavaş-yavaş artırım.

- Maraqlıdı, "Sabah"ın idman direktoru olan atan yeni başlayan oğluna məşqçilikdə hansı məsləhətlərini verib? Yollarınız bir klubda kəsişə bilərmi?

- Bir gün Azərbaycana qayıtmaq mənim üçün xoş olardı. Əlbəttə, atamla oyunlardan sonra danışırıq. Yeni işə başladığımda hazırlıq matçımızı izlədi. Komandanı liqanın starına iki həftə qalmış qəbul elədiyimdən imkanın olmadı ki, mövsümə hazırlığı keçim. Həmin debütüm olan yoxlama oyununda 1:7 hesabıyla uduzduq. Ancaq bu, əvvəlki baş məşqçinin komandası, taktikası idi, heç nəyi dəyişmədim. Onda atam bir neçə məsləhətini verdi çempionat başlayanda necə oynamaqla, nələri dəyişməklə bağlı. Bizə köməyi dəydi və başladıq qələbələr qazanmağa. Beləcə seriyamız oldu, uzun müddətdi məğlubiyyətsiz oyunlarımız davam edir. Hələ ki uduzmamışıq mənim vaxtımda.

 

 

MEHMAN SÜLEYMANOV