Misli Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Qəbələ" – "İmişli" (2:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Amil Ağacanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis mövsümün ilk qələbəsini şərh etdi:

– Bildiyiniz kimi, üç oyuna cəmi 1 xalımız var idi. Komandada məşqçi dəyişikliyi baş verdi və biz məşqçilər heyəti olaraq keçmiş matçları hərtərəfli təhlil etdik, qarşılaşmaya daha yaxşı hazırlaşdıq. Bilirdik ki, "İmişli" uzun ötürmələr və standart vəziyyətlərdən çox təhlükəli oynayır. Taktiki planımızı buna uyğun qurmuşduq və şükürlər olsun ki, qələbə qazandıq. Bu uğur münasibətilə bütün "Qəbələ" azarkeşlərini, futbolçularını və rəhbərliyini təbrik edirəm.

 

Ağacanov ardınca ona verilən sualları cavablandırdı:

 

– İlk üç turda qol vurmaqda çətinlik çəkirdiniz, lakin bu dəfə həm qollar, həm də qələbə gəldi. Əsas problem nədə idi?

 

– Hansısa problemimizin olduğunu deməzdim. Sadəcə, çempionatın əvvəli idi. Yaratdığımız imkanlardan yararlana bilmirdik. Bu dəfə isə daha məqsədyönlü hazırlaşdıq, futbolçularla fərdi söhbətlər apardıq və nəticədə həm qollar vurduq, həm də qələbə qazandıq.

 

– Matçdakı penalti epizodunu necə şərh edərdiniz?

 

– Əgər top ayaqdan çıxırsa, burada mübahisəli heç nə yoxdur. Oyunçu rəqib futbolçunu dartırdı, hakimin qərarına söz deyə bilmərik. Məncə, tər-təmiz penalti idi.