"Birinci oyun ürəkaçan olmadı. Komanda cəmi 18-20 dəqiqə keyfiyyətli futbol oynadı. Bundan sonra isə həm ayrı-ayrı futbolçular, həm də ümumilikdə komanda oyundan qopdu". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov bildirib.
Təcrübəli mütəxəssis "Neftçi"nin Konfrans Liqasının ikinci təsnifat mərhələsində cavab oyunu çərçivəsində "Dinamo" ilə matçdan gözləntilərini bölüşüb:
"Buna baxmayaraq, yenə də ümidliyəm. Çünki "Dinamo" Avropanın elə də güclü klublarından deyil və "Neftçi"nin "dişinə" uyğun rəqibdir. Sadəcə, məşqçilər heyəti ilk oyunu ciddi təhlil etməli, komandanın niyə cəmi 18-20 dəqiqə futbol oynadığını və sonradan niyə dayandığını araşdırmalıdır. "Neftçi" uzun illərdir avrokuboklarda çıxış etmir. Amma bu klubun böyük tarixi, zəngin ənənələri və çoxsaylı azarkeş ordusu var. Məşqçilər və futbolçular da bunu nəzərə almalıdırlar. "Neftçi" Avropada Azərbaycanın iddialı klublarından biri kimi tanınır. İlk oyunda buraxılan səhvlər cavab görüşündə təkrarlanmamalıdır. Klubda həm şərait, həm də büdcə yüksək səviyyədədir. İndi isə qalır yalnız meydanda keyfiyyətli futbol oynamaq".
Qeyd edək ki, "Dinamo" "Neftçi" matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək.