"Neftçi"nin oyununda böyük dəyişiklik hiss olunur. Komandada 1-2 dəyişiklik istisna olmaqla, əsasən eyni futbolçular çıxış edir". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis paytaxt təmsilçisinin hazırkı durumu haqqında fikirlərini bölüşüb:
"Yerli və xarici baş məşqçilər arasındakı əsas fərq ondadır ki, legioner məşqçilər yeni komandasında təmsil etdikləri ölkənin oyun üslübunu tətbiq etməyə çalışırlar. Məsələn, Ukrayna futbolu yüksək hərəkətlilik, fiziki güc və meydanın hər qarışı uğrunda mübarizə ilə seçilir. Bu gün "neftçi"də də bunu görürük. Komanda qalib gəldikcə futbolçularda ruh yüksəkliyi artır və bu amili qoruyub saxlamaq vacibdir. Qarşıda isə daha çətin oyunlar var. "Ağ-qaralar"ın qalan matçları ilk "dördlük"də qərarlaşan komandalara qarşı olacaq. Avrokuboklara vəsiqə qazanmaq üçün isə həmin görüşlərdən qələbə ilə ayrılmaq məcburiyyətindədirlər".
Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasının 27-ci turunda evdə "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib. Komanda hazırda çempionatda 43 xalla 6-cı pillədə qərarlaşıb.