"Yığmada futbolçu çatışmazlığı var. Çempionatda 3 tur oynanılıb, komandalar avrokuboklarda çıxış edib. Heyətdə elə oyunçular var ki, istər avrokuboklarda, istərsə də çempionatda da az oynayıblar. İkinci hissədə futbolçuların gücü çatmad". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.
Azərbaycan yığmasının sabiq baş məşqçisi ötən gün millimizin DÇ-2026 seçmə mərhələsində İslandiyaya səfər matçındakı böyükhesablı məğlubiyyəti barədə danışıb:
"Bu nədən əmələ gəlir? Birinci legioner limitinin ləğv olunması, ikinci isə, futbolçuların hazır olmamasından. Hücum qurtaran kimi, hamı qayıdırdı mərkəzə, ikinci zonaya. Biri var buna səni rəqib məcbur edir, bir də var özümüz gedirdik. İslandiya elə də problem yaratmırdı. İlk qolu ilk hissənin sonlarında vurdular. Hiss olunurdu ki, futbolçuların oyun təcrübəsi azdır, problem olacaq. Bunun həllini tapmaq lazımdır. Limit ləğv olunub. Yerli uşaqlarla nə etmək lazımdı? Fernandu Santuşun 2028-ə qədər müqaviləsi var. Daxildə deyilik deyə bilmirik rəhbərliklə limit haqda danışıb, ya yox. Suallar çoxdur. Hazırda günahkar baş məşqçi və futbolçulardı. Əks-hücuma keçdikdə, ortada top qalmırdı. Topa sahibolma 71-in, 29-a faiz nisbətində rəqibin xeyrinə idi... Hələ bu İslandiyadı, qarşıda Ukrayna, Fransa var... Problem çox olsa da, həlli yolu da var. Oturub danışmaq lazımdır".
Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.