CEYHUN ƏLİYEV

 

Millətlər Liqasında uğursuz çıxışı ilə "yeni tarix" yazan millimiz İTV-də müzakirə mövzusu oldu. Səslənən fikirlər kifayət qədər fərqli idi. Bu da başa düşüləndi. Həmkarların səsləndirdiyi fikirlərlə işim yox. Ancaq bir sıra qəribə fikirlər səsləndi ki, buna münasibət bildirməmək olmur.

 

İlqar Qurbanovun dediklərini xatırlayaq. Veteran futbolçu Santuşun gəlişinədək futbolçuların milliyə tanışlıq/tapşırqla gəldiyini iddia etdi. İndi isə bu halların yaşanmadığını dedi və…  kifayət qədər ciddi ittihamdı. Məsələn, mən Höccət Haqverdinin millimizdə oynamasını qətiyyətlə pisləmişəm. Dəfələrlə bu mövzuda yazılar da dərc etmişəm. Ancaq heç vaxt əlimdə sübut olmadan iddia etməmişəm ki, hansısa futbolçu milliyə gizli sövdələşmələr əsasında gətirilib. Maraqlıdı, Qurbanov dedisə ki, belə olub, söylədikləri dərhal həqiqətəmi çevrildi? Mən iddia etmirəm ki, hansısa oyunçular tapşırıqla gəlməyib. Amma sübutsuz əksini demək də heç bir çəkiyə gəlmir. Eyni minvalla gəlin deyək ki, Vadim Abdullayev milliyə dayday hesabına cəlb olundu. Gülməlidi, vallah!

 

Ancaq maraqlısı budu ki, Santuşun köməkçiləri sırasında bir azərbaycanlı mütəxəssisə yer tapılmayıb. Hansı ki, həmin şəxs Slovakiya ilə oyunda sarı vərəqəsi olan Mahir Emrelini əvəzləməyi tövsiyə edərdi. Məsələn, Qurbanov bu barədə danışmalı idi ki, nəyə görə ehtiyat oyunçular skamyasında əyləşən yeganə azərbaycanlı olsa da, portuqaliyalıdan heç olmasa bir həmyerlisinin məşqçilər korpusunda yer almasını tələb etmir!

 

Toxunulan və qabardılan məsələlərdən biri də Santuşa xərclənən məvacibin infrastruktura, uşaq futbolunun inkişafına yönləndirilməsi idi. İcraçı vitse-prezident Sərxan Hacıyev nəzərdə tutulan məbləğdən kənara çıxılmadığını bildirməklə məsələnin qapadıldığını zənn etdi. Ancaq elə deyil axı. Əvvəla, şəffaflıqdan danışan Hacıyev nədənsə baş məşqçinin məvacibini söyləməkdən yayındı. Adını qoydu ki, etikadan kənardı. İctimaiyyət dövlətin pulunun hansı hissəsinin 70 yaşlı ağsaqqala xərcləndiyini bilmək hüququna sahibdi. Onda deputarların da məvacibi gizlədilsin ki, etikadan kənardı. Biz Santuşun hansı rəngdə paltarı, hansı yeməyi sevməsini soruşmuruq e, dövlətin ayırdığı pulu bilmək istəyirik, cənab Hacıyev! Rəqəmi səsləndirməkdən çəkinməyinizin səbəbi axı, başqadı - ictimai qınaq. Deyirsiniz ki, yerli mütəxəssis olsaydı da biz eyni məbləği verəcəkdik. Ancaq rəqəm gizlədilir. Çünki bilirsiniz ki, həmin məbləğdən 5 dəfə aşağı rəqəm göstərilsə, heç bir Santuş Azərbaycana gəlməz və belədə, azərbaycanlı mütəxəssislə anlaşmalı olacaqsınız.

 

Arif Əsədovun göstərdiyi nəticələri bəyənmədinizsə, Santuş niyə hələ də qovulmayıb? Portuqaliyalı pensiya yaşını çoxdan adlamış məşqçi deyib ki, 1 ildən sonra fərqli milli görəcəksiniz. Bəs görməsək? Aldığı məvacibi geri verəcək yoxsa Sərxan Hacıyev bankdan kredit götürüb xərclənən vəsaiti büdcəyə qaytaracaq?

 

Zəhmət çəkin, papağınızı qoyun qarşınıza və düşünün. Arxada qalan 6 ayda mümkün olan ən pis nəticəyə imza atmağı köhnələrin ayağına yazmaqla ayıbınızı örtdünüzmü? Əsla! İnkişaf konsepsiyasının yazılmasına 6-8 ay vaxtın tələb olunduğunu iddia edirsiniz. Həmin konsepsiyaya görə də yəqqin 6-8 il istəyəksiniz ki, inkişaf sezilməyə başlasın, eləmi?

 

Deyirsiniz ki, AFFA-ya dəstək olmaq lazımdı. Tallində alınan məğlubiyyətə görəmi? Axı, köhnələrin elə də köhnə olmadığı zamanda tərəfdaşınız İlqar Qurbanovun təbirincə desək "tapşırılmışlar" Estoniyadan qalib qayıtmışdı. Bəs necə olur ki, "tapşırıımayanlar" Vətənə "əli ətəyindən uzun" qayıtdı? Yox, cənablar, nağılınızın payız parçası əcaib alındı. Çalışın növbəti ssenari üçün fərqli müəlliflər seçin.