"Dünya çempionatında bu günə qədər keçirilən oyunların bəzilərinin nəticələrini sürpriz adlandırmaq olar. Xüsusilə dünən keçirilən İspaniya – Kabo-Verde və Türkiyə – Avstraliya milli komandalarının qarşılaşmaları buna nümunədir". Bu sözləri Sport24.az-a açıqlamasında Adil Şükürov deyib.

Mütəxəssis dünya çempionatının J qrupunun I turunda keçiriləcək Argentina – Əlcəzair oyunu ilə bağlı da fikirlərini bölüşüb:

"Bu günün futbolunda maraqlı bir tendensiya müşahidə olunur: topa daha çox sahib olan komanda yox, daha çox müdafiə olunaraq ani əks-hücumlara üstünlük verən komandalar oyunun nəticəsini müəyyənləşdirir. Bu, nə qədər qəribə səslənsə də, artıq tez-tez rast gəlinən haldır. Düşünürəm ki, bunu Çempionlar Liqasının finalında PSJ – "Arsenal" matçında da gördük. Fransa təmsilçisi oyunda üstünlük qursa da, qarşılaşma penaltilərə qədər uzandı. Bu baxımdan Argentina – Əlcəzair oyununda da sürpriz nəticə mümkündür. Amma ümumilikdə bu mundialda hər komandanın sürpriz edə bilmə ehtimalı yüksəkdir".

Şükürovun sözlərinə görə, indiyə qədər keçirilən oyunlarda ümumi olaraq ciddi qeyri-adilik müşahidə olunmur:

"Favorit komandalar statistik göstəricilərdə üstünlüyünü göstərsə də, bu hər zaman nəticəyə təsir etmir. Bu da turnirin formatı və oyun sayının artması ilə bağlı ola bilər. Məşqçilər uzun marafonu nəzərə alaraq qrup mərhələsində yüksək tempdən qaçır, futbolçuları maksimum tonusda saxlamağa çalışırlar. Fikir versəniz, "su fasiləsi" zamanı məşqçilər taktiki baxımdan oyuna rahat müdaxilə edə bilirlər. Almaniya, İsveç və ABŞ kimi komandaların oyunlarında hesab erkən açılır və daha sonra bolqollu nəticələr qeydə alınır. Amma digər iddialı millilərin oyunlarında bunu görmək olmur".

O bildirib ki, Braziliya və İspaniya kimi komandalar oyunda üstün olsalar da, bunu nəticəyə tam şəkildə yansıda bilmirlər. Türkiyə millisinin Avstraliya ilə oyununa da toxunan mütəxəssis bildirib ki, topa sahiblik baxımından üstünlük olsa da, nəticə fərqli olub.

 

Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Turnirdə ilk dəfə 48 komanda iştirak edir.