Bu gün Adil Şükürov "Kəpəz"dən rəsmən ayrıldı. O, hələ "Qəbələ"dən alınan 0:3 hesabından sonra gedəcəyini böyük ölçüdə söyləmişdi. Həftənin ilk iş günündə isə təcrübəli mütəxəssis "Nizami yurdu"nun təmsulçisi ilə qarşılıqlı razılıq əsasında vidalaşdı.

 

Sport24.az-a verdiyi müsahibədə Şükürov çempionatın startından bəri aldıqları ardıcıl 5 məğlubiyyətə toxundu, uğursuzluğun səbəblərini araşdırdı, son turda azarkeşlə arasında yaşanan insidentdən bəhs etdi.

 

- "Kəpəz" səhifəsini rəsmən bağladınız. İstefanız nə qədər gözlənilən olsa da, səbəblər barədə öz dilinizdən eşitmək istəyərdik…

- "Kəpəz"rəhbərliyinə mənə etimad göstərdiklərinə görə, təşəkkürümü bildirirəm. Arxada qalan 5 turda istədiyimiz oyunu sərgiləyə bilmədik. Bunun da bir neçə səbəbi var. Kollektivin formalaşmasında nəzərəçarpacaq dərəcədə gecikdik. Bu haqda saytınıza bir dəfə danışmışdım. Mənə təklif olunan və bəyəndiyim oyunçuların heç biri gəlib çıxmadı. Çempionatın startı ərəfəsində məcburi "ağ kağız"dan başlamalı olduq və bu, uöursuzluğun ən birinci və vacib səbəbidi. Daha bir amil psixoloji durumla bağlıdı. Gəncədə iddia reallıqdan xeyli üstdədi və bu da oyunçuları daim əlavə təzyiq altında saxlayır. Nəhayət, 3-cü faktor meydan amilidi. Yəqin razılaşarsınız ki, minlərlə fanatın gözü qarşıaında oynamaq futbolçulara əlavə motivasiya verir. 

 

- Millinin oyunları ilə əlaqədar yaranan fasilə də köməyinizə çatmadı…

- Razıyam. Bu fasiləyə böyük ümidlə baxırdıq. Doğrudu, müəyyən komponentlərdə irəliləyişə nail olduq, ancaq elə mərhələdəyik ki, qələbə və heç-heçə qrafasında "0" yazılıbsa, radikal qərar verməlisən. 

 

- Mətbuat konfranslarının birində "məşqdə etdiklərimiz oyunda edilmir" demişdiniz. Yəni futbolçular bilərəkdən oynamırdı?

- Elə deməzdim. Məşq və oyun fərqlidi. Məşqdə aylarla eyni ideyaları tətbiq etməlisən ki, oyunda bunu bacara biləsən. Zamanda uduzduq. Qış fasiləsindən sonra fərqli "Kəpəz" görə bilərdik. Ancaq heç kəs, nə rəhbərlik, nə məşqçi heyəti, nə də azarkeşlər bu qədər gözləyə bilməzdi. 

 

- Azarkeşlərdən söz düşmüşkən, son turda azarkeşlərlə aranızda yaşananlar haqda nə deyərdiniz?

- Mənim azarkeşlərlə aramda ciddi heç nə yaşanmayıb. Yalnız bir nəfərlə oldu…

 

- Olsun bir nəfər. Yəqin ki, "çıx, get evinə", deyən fanatı nəzərdə tutursunuz…

- Bəli. Bu sözü adama ərki çatan ən yaxın dostu deyə bilər. Belə çıxır ki, məni özünə yaxın bilib deyib. Mən də eyni yaxınlığı göstərib dedim ki, evində yer elə, gəlim, qalım. 

 

- Və sonda. İstefa qərarını siz verdiniz yoxsa rəhbərlik?

- Bir yerdə. Müzakirə etdik, "Kəpəz" üçün ən yaxşı variantın üzərində dayandıq. Gözləntiləri doğrultmadığım  üçün çox üzüldüm və İnşaAllah "Kəpəz" gələcəkdə  layiq olduğu yerə çatmasını  istəyirəm. "Kəpəz" mənim  doğma komandamdı. Hələ 26 il əvvəl bu klubun formasını geyinərkən, kəskin zəhərlənmə 1 həftə özümdə olmamağımla nəticələnsə də, 1 aydan sonra yenidən oyuna çıxdım. Necə deyərlər, "Kəpəz"lə yaxşı günlərim də  olub, çətin  vaxtlarım da. Heç nəyə baxmayaraq  "Kəpəz" mənim üçün doğma olub, olacaq da.