Başa çatmaqda olan həftədə Azərbaycan futbolunda ən önəmli olaylardan biri "Kəpəz"lə "Turan Tovuz"a AFFA tərəfdən Premyer Liqaya lisenziya verilməsi və bununla da 10 komandanın iştirakının rəsmiləşməsidi. Hazırda I Divizionda çıxış edən bu Qərb təmsilçilərinin baş məşqçiləri SSRİ dövründə "Neftçi"də bir yeerdə oynamıç Yaşar Vahabzadəylə Əfqan Talıbovdu. İndi maraqlı məqamlardan biri bu mütəxəssislərin Premyer Liqada da qalıb-qalmayacağı ilə bağlıdı. Çünki indiyədək I Diviziondan Premyer Liqaya gələn komandalar adətən baş məşqçilərini yay fasiləsində dəyişirlər. Gəlin, tarixə səyahət edək.
Məlum olduğu kimi, Premyer Liqamızın ən gənc təmsilçisi "Sabah"dı. Bu komanda 2018-ci ildən yüksək liqada çıxış edir və ora gələnədək I Divizionda baş məşqçisi Arif Əsədov idi. Amma hazırda millimizin məşqçisi olan bu mütəxəssislə mövsüm bitəndən sonra yollar ayırldı və Premyer Liqada baş məşqçi olaraq Elşad Əhmədovla start verildi.
Bundan 1 il əvvəldən - 2017-dən Premyer Liqamızın iştirakçısı olan "Səbail" ona bura vəsiqə qazandıran baş məşqçi Elman Sultanovla yay fasiləsində vidalaşdı. Onun yerinə gətirilən Samir Əliyevlə Premyer Liqada debüt oldu.
2015-ci ildə birdən iki komandaya Premyer Liqaya lisenziya verildi. Bunlar "Zirə"ylə həmin "Kəpəz" idi. Zirəliləri I Divizonda Bəhram Şahquliyev çalışdırırdı. Premyer Liqada debüt isə Adil Şükürovla oldu. Hansı ki debüt mövsümündəcə medal - gümüş mükafat və avrokuboklara vəsiqə qazandırmaqla tarix yazdı. Gəncəlilər isə I Divizionda Vidadi Rzayevin rəhbərliyi altında çıxış etdilər və Premyer Liqaya qayıdan kimi baş məşqçi postuna Şahin Diniyev döndü. Maraqlıdı ki, Rzayev həmin vaxtdan "Kəpəz"in məşqçilər korpusunda yer alaraq son illərdə Vahabzadənin köməkçisidi.
Bundan da 1 il əvvələ gedib çıxanda kuliminasiya nöqtəsinə çatmış oluruq. Belə ki, 2014-cü ildə "Araz Naxçıvan" I Divizionun çempionu olaraq Premyer Liqaya vəsiqə qazandı və orda iştirak da elədi. Muxtar Respublika təmsilçisi millimizin də tarixində ən yaxşı baş məşqçilərdən olmuş Əsgər Abdullayevə I Divizionda olduğu kimi, Premyer Liqada da güvəndi. Sadəcə, Naxçıvan klubu IX turda çempionatda çıxışını dayandırdı.
Bilindiyi kimi, Premyer Liqamızda əsas favoritlər - ilk 2 pillədə gedən "Qarabağ"la "Neftçi" bütün milli çempionatlarımızın iştirakçısı olub. "Qəbələ" Xanlar "Göy Göl"ünün varisidi. Komanda 2006-cı ildə Qəbələyə köçərək "Gilan" adıyla Premyer Liqada çıxış etməyə başladı və I Divizionda da baş məşqçisi olmuş Faiq Cabbarovla yola davam edildi. Ancaq bu gəncəli mütəxəssis həmin mövsümün əvvəlində istefaya göndərildi.
Şamaxıya köçərək onun adını daşıyan "Şamaxı"nın tarixi "Xəzər Universiteti"ylə başlayır. "Tələbələr" 1999-cu ildə yüksək liqaya vəsiqə qazanmışdı və həmin vaxt oynayan məşqçisi olan Samir Ələkbərovla işbirliyi davam edilmişdi.
Nəhayət, "Sumqayıt"a gəlincə, yaranandan sonra 1 mövsüm I Divizionda çıxış edib. Onda "Sumqayıt Şəhər" adlanan klubun baş məşqçisi Baba Əsgərov olub. Premyer Liqaya çıxış etmək üçün lisenziya veriləndən sonra bu posta almaniyalı Bernhaard Raab gətirildi. Klub isə debüt mövsümünün qış fasiləsində adını dəyişdirərək "Sumqayıt" oldu.
Göründüyü kimi, 8 ildir tilsim qırılmır. Abdullayevin Sovet dövründə "Neftçi"də komanda yoldaşları olmuş Vahabzadəylə Talıbovun bunun qırıb-qırmayacağını yaxın gələcəkdə - artıq yay fasiləsində görəcəyik.
MEHMAN SÜLEYMANOV