Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində “Zirə”ylə evdə qolsuz bərabərliyə qalan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Oyunun belə gərgin keçəcəyi gözlənilən idi. “Zirə” hər bir rəqibə qarşı xüsusi hazırlaşmağı bacarır. Komandamızdan razı qaldım. Olur bu cür oyunlar. İstəyərdik ki, xal fərqini azaldaq. Klublarımızda stabillik çatışmır. Biz çalışırıq ki, stabilliyi qoruyaq. İstədiyimiz nəticəni yekunda əldə edə bilərik. Çalışacağıq millinin oyunları ilə bağlı yaranacaq fasiləyədək uğurlu çıxışımızı davam edək.

- İkinci hissənin ilk yarım saatını daha çox müdafiəyə çəkildiniz. Bu, rəqibi əks-hücumda yaxalamaq məqsədi ilə edilmişdi, yoxsa komandanızı “Zirə” buna vadar etdi?

- Xeyr, bəzi epizodlarda rəqib daha üstün olurdu, bəzilərində biz. Rəqib “Zirə” idi, onlara qarşı oynamaq çətindir. Bütün oyunu pressinq tətbiq etmək mümkün deyil.

- Əli Qurbani zədədən sonra az qol vurur...

- Zədədən qayıtmaq çətindir. Üstəlik, rəqiblər də Əlini yaxşı təhlil edir. Buna baxmayaraq, Əli bu gün 3 epizod yaratdı. Özü də hər birini özü üçün özü yaratmağı bacardı. İki halda qapıçı yaxşı oynadı, birində isə hücumçumuz dəqiq olmadı. Tez-tez eşidirik ki, çempionatda məhsuldarlıq aşağıdır. Bu da klublarımızın rəqiblərini yaxşı təhlil etməsindən irəli gəlir. Əliyev gəlincə, fikirləşirəm ki o, hələ qolları ilə bizi sevindirəcək.