Azərbaycan Premyer Liqası 76 günlük fasilədən sonra yeni mövsümlə start götürür. Sport24.az xəbər verir ki, çempionatımız 3 illik fasilədən sonra yenidən sponsorla, yeni sponsorla olacaq.

Söhbət Misli Premyer Liqasından gedir ki, burda artıq 8 yox, 10 komandalı yarış olacaq. Məlumdu ki, "Kəpəz"lə "Turan Tovuz" da artıq yüksək liqamıza gəlib. "Turan Tovuz" ilk milli çempionatımızda çıxış edən Tovuz "Turan"ıyla eyni klub olmadığından görə debütant sayılır. 

Bu araşdırma yazımızda baş məşqçilərə diqqət yetirəcəyik. Çünki burda xeyli dəyişiklik, maraqlı nüans var. 

Ondan başlayaq ki, keçən çempionatdan 5 baş məşqçi qalıb. Bunlar mütləq rekordçu, "Qarabağ"la yubiley - 15-ci mövsümə başlayan Qurban Qurbanov, "Zirə"li Rəşad Sadıqov, "Qəbələ"li Elmar Baxşıyev və ötən mövsümün gedişində ölkəmizə gələrək müvafiq olaraq "Sabah"la "Sumqayıt"ın "sükanı arxası"na keçən rusiyalı Murad Musayevlə belaruslu Aleksey Baqadı. Yeri gəlmişkən, onlar ilk turda rəqib olacaq.

Qurbanovun Premyer Liqamızda oyun sayında ən yaxın izləyicisi olan Aftandil Hacıyev artıq yoxdu. Belə ki, "Səbail"i son 4 mövsümdə 104 oyuna çıxaran 41 yaşlı bu mütəxəssislə yollar ayrılıb. Hacıyevi əvəzləyən Mahmud Qurbanov 10 illik fasilədən sonra Premyer Liqamıza dönür və qayıdışında məhz Qurbanovla görüşəcək. 

"Şamaxı" yeni adla yeni stadionunda "siftə"sində qonaq etdiyi "Neftçi"ylə bu dəfə yeni mövsümə başlayacaq. Amma bu dəfə fərqli baş məşqçilərlə. Belə ki, Sənan Qurbanovla Samir Abasov hazırda işsiz mütəxəssisdirlər. "Şamaxı"nın yeni baş məşqçisi Vüqar Əsgərli Premyer Liqamızda debüt edəcək. "Neftçi"də isə rumıniyalı çalışdırıcısı Laurentsiu Reqekampf debütünü Konfarns Liqasında edərək, artıq 3 matça çıxarsa da, Premyer Liqamzıda "siftə" edəcək. Bununla da əcnəbi mütəxəssislərin sayı 3-ə artacaq. 

Nəhayət, debütantların baş məşqçiləri haqda. "Kəpəz"də Yaşar Vahbzadə bunadək Premyer Liqamızın iştirakçısı olsa, bu, məşqçi kimi olub. Yəni, o, karyerasında baş məşqçi kimi indi debüt edəcək. "Kəpəz" 4 il əvvəl Premyer Liqadan düşəndə baş məşqçisi Yunis Hüseynov idi.

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov isə Premyer Liqamıza iki dövrəlik fasilədən sonra dönür. Belə ki, 41 yaşlı bu mütəxəssis keçən mövsüm ikinci dövrənin son turunda o vaxt "Keşlə"ylə ev matçında 1:3 hesablı məğlubiyyətdən sonra müqaviləsi pozularaq istefaya göndərilmişdi. Onu da bildirək ki, Abbasov Premyer Liqamızda yeganə medalını - bürünc mükafatı məhz "Sumqayıt"la qazanıb.