"Bu komanda ilə pley-off mərhələsində mübarizə aparmaq olar"

 

Sport24.az xəbər verir ki, "Quba" basketbol komandasının kapitanı Zaur Paşayev klubun mətbuat xidmətinə müsahibəsində belə deyib.

 

Həmin müsahibəni təqdim edirik.

 

- "Quba" son matçda "Sumqayıt"a məğlub oldu. Bu görüşdə məğlubiyyətə əsas səbəbi nədə görürsən?

- Oyuna yaxşı başlamışdıq. Sadəcə matçın sonlarında oyun rəqibə tərəfə keçdi. Düzdür, xal hesabında önə çıxırdıq. Lakin "Sumqayıt" da bizə çatırdı. Sonda da oyunu əldən verdik. Oyunçularımız da yoruldu. Atışlarımız da sonlarda alınmadı, sonda uduzduq.

 

- Bu gün "Lənkəran"la qarşılaşacaqsınız. Görüşdən gözləntiləriniz necədir?

- Təbii ki, bu oyuna qalibiyyət üçün çıxacağıq. ABL-də asan və zəif rəqib yoxdur. Hər bir komanda sona qədər mübarizə aparır. "Lənkəran"a qarşı da yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik.

 

- Komanda hazırda B qrupudan dördüncü pillədədir. Daha yaxşı pillədə olmaq üçün komandaya nə mane olur, yoxsa hazırkı pillə də sizi razı salır?

- Ən azından üçüncü pillədə olmaq istəyərdik. Çünki belə olan halda, pley-off mərhələsində "Naxçıvan"la düşə bilərik. O da bizə sərf edir. Bu komanda ilə pley-off mərhələsində mübarizə aparmaq olar. Üçüncü pillədə yerimizi bərkitməliyik ki, "Naxçıvan"la düşək. Hər halda, necə alınacağını görəcəyik.

 

- Necə düşünürsüz, "Quba"nın ev oyunlarında hansısa avantajınız olur? Ümumiyyətlə, ev oyunlarında yəqin ki, hər zaman daha çox azarkeşin gələcəyini gözləyirsiz?

- Demək olar ki, ev oyunlarımıza azarkeş gəlmir. Təəssüf ki, belədir. Orada basketbolla məşğul olan balaca uşaqlar var, onlar gəlib bizə dəstək göstərirlər. Amma belə, çox azarkeş olmur. Qubada Cəlilabaddakı kimi azarkeş yoxdur. Cəlilabadda həmin klubun ev oyunlarına 300-500 adam gəlirdi. Çünki orada basketbolu çox sevirlər. Qubada da yavaş-yavaş sevdirməyə çalışacağıq. Görək də, nə vaxt azarkeş gələcək. Ümid edirəm ki, gəlib bizə dəstək olarlar.

 

- Ölkə kubokunda "Naxçıvan" səddini keçdiniz və növbəti mərhələdəsiniz. Rəqib isə "Sabah" olacaq. Şanslarınızı neçə faiz olduğunu düşünürsünüz?

- Bəli, "Naxçıvan"ı keçdik. Onlar da yaxşı, güclü komandadır. Həmin matçda yaxşı oyun göstərib, qalib gəldik. Növbəti mərhələdə "Sabah"la oynayacağıq. Onlarla da nə qədər gücümüz çatsa, ona qədər mübarizə aparacağıq. Sonra necə olacaq bilmirəm. Lakin biz meydanda hər zaman qələbə üçün çıxırıq, uduzmaq üçün yox. Qalib gəlməyə çalışacağıq. Alınmasa belə, "Sabah"a qarşı güc göstərəcəyik. "Sabah" çox güclü komandadır, büdcəsi, oyunçuları çox güclüdürlər. Çalışdığımız qədər oynayacağıq ki, maraql ımatç olsun.

 

- Bu mövsümkü "Quba"nı ötən mövsümkü komandadan daha güclü olduğunu düşünürsünüz? Gənc yerli basketbolçuların səviyyəsində yaxşı mənada hansısa dəyişiklik olduğunu fikirləşirsiz?

- Keçən ilki oyunçular çox güclü idi. Amma belə komanda oyununu çox oynaya bilmirdik. Bu mövsüm daha çox kollektiv oyun göstəririk, bir-birimizi çox gözəl başa düşürük. Bu il gələn oyunçuların demək olar ki, hamısı Avropada oynayıb, Avropa basketbolunu bilirlər deyə, komanda oyunu oynamaq alınır. Biri Kiprdə, biri Gürcüstanda çıxış edib. Ötən il isə üç oyunçumuz ABŞ-dan gəlmişdi deyə, komanda oyunu oynamırdılar. Onu da məcbur etdirirdim ki, komanda oyunu oynayaq. Bu ilki uşaqlar isə komanda oyunu oynamaqda çox yaxşıdırlar. Hədəfimiz bu il səkkizliyə düşək.