Azərbaycan Basketbol Liqasında (ABL) 2025/26-cı illər mövsümünün start günü bəlli olub. Sport24.az xəbər verir ki, çempionat sentyabrın 28-də başlayacaq.

 

Reqlamentə əsasən, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçiriləcək. Ötən mövsümdə göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar aşağıdakı kimidir:

 

A qrupu: "Sabah", "Neftçi", "Şəki", "Abşeron Lions", NTD, "Gəncə"
B qrupu: "Naxçıvan", "Ordu", "Sərhədçi", "Sumqayıt", "Quba", "Lənkəran"

 

Müntəzəm çempionatın A qrupunun oyunlarında meydanda 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq. B qrupunun oyunlarında isə 15-ci tur daxil olmaqla 3 əcnəbi və 2 yerli basketbolçu, 16-cı turdan etibarən 4 əcnəbi və 1 yerli basketbolçunun parketdə olması mütləqdir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

 

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.

 

Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, mövsümü sıralamada ilk "8-lik"də tamamlayacaq klublar növbəti mövsümdən 1-ci liqada (ABL), 9-12-ci yerləri tutacaq komandalar ölkə basketbolunda ilk dəfə olaraq təşkil olunacaq 2-ci liqada (ABL 2) mübarizə aparacaqlar.