"Yeni oyunçuların gəlməsi, komandada bəzi dəyişikliklərin həyata keçməsi bizim çıxışımıza müsbət təsir göstərdi". Sport24.az xəbər verir ki, bunu "Sumqayıt"ın mərkəz oyunçusu Saadettin Donat klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, son vaxtlar öz çıxışında müəyyən problemlər olduğunu etiraf edib: "Oyunumda ən böyük nöqsan hər matç fol problemi ilə üzləşməyimdir. Bunun da öz obyektiv səbəbləri var. Çünki, əsasən əvəzlənmədən oynayıram. Hər epizod uğrunda mübarizə aparıram. Bu da tez-tez bir matçda fol limitini doldurmağımla nəticələnir".
Donat bu tur "Şəki" ilə oyunda qardaşı Ercana qarşı oynayacağına görə həyacanlı olduğunu söyləyib: "İlk dövrədə "Lənkəran"la matçda zədələndiyimdən 3-cü turda səfərdə "Şəki"yə qarşı oynaya bilmədim. Həmin görüşdə də 40 xal fərqi ilə uduzmuşduq. Bu dəfə "Şəki"yə qarşı meydana çıxacağam. Bu matç həm də mənim üçün böyük önəm kəsb edəcək. Çünki, karyeramda ilk dəfə qardaşım Ercana qarşı oynayacağam. Buna görə çox həyacanlıyam".
Qeyd edək ki, "Sumqayıt"-"Şəki" matçı bu gün saat 17:00-da start götürəcək.