"Sabah"ın bu liqanın ən keyfiyyətli komandası olması danılmaz faktdır. Buna qədər bir neçə oyuna ciddi itkilərlə çıxırdılar, amma bu dəfə tam heyətlə matçda çıxış etdilər". Sport24.az xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

Mütəxəssis ABL-in VIII turunda "Sabah"a 71:94 hesabı ilə uduzduqları oyun haqqında danışıb: "Daha bir nüans isə "Sabah"ın son görüşü məğlub başa vurması idi. Məhz buna görə bizə qarşı sərt oynadılar - qaydaların icazə verdiyi həddən də bir qədər sərt. Hakimlər də buna icazə verdi. Reallıqda biz də buna qarşılıq verib o tərzdə oynamalıydıq. Lakin bunu bacarmadıq. Konsentrasiyanı 1 və 2-ci periodlarda itirdik. Sonradan toparlansaq da bu qədər fərqlə önə keçən komandaya qarşı oyunu çevirmək mümkünsüz idi. Liqada digərləri bir-birinə bərabər səviyyəli klublardır. Onlarla oyunlarda belə fərqləri qapamaq mümkün ola bilər, amma "Sabah"la dediyim kimi, bu, mümkünsüzdür.

 

Tokerin sözlərinə görə, görüş onlar üçün böyük dərs olub: "Mənə və oyunçularıma bəzi məğlubiyyətlər xoş gəlir. Bunlardan nəticə çıxardırıq. Bunun da o qəbildən bir məğlubiyyət olduğunu düşünürəm. "Naxçıvan"la matçımız var və bu hadisələrin o qarşılaşmada bizə müsbət təsirlərinin olacağını düşünürəm. Amma günlük performanslar çox vacibdir. Biz elə "Sabah"la matça, qarşıdakı "Naxçıvan"la oyuna da rəqibin kimliyinə önəm vermədən hazırlaşırıq. Belə fərqlə məğlubiyyətə rəğmən pis durumda deyilik. Hədəfimiz ilk 3-lükdə qalmaqdır və bunu bacaracaq heyətimiz var".

 

Qeyd edək ki, "Abşeron" VIII turdan sonra 12 xalla üçüncüdür.