"Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov "Lənkəran"a qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, "Quba"nın çalışdırıcısı 86:68 hesablı qələbədən sonra klubun mətbuat xidmətinə açıqlamasında oyunun əvvəlcədən proqnozlaşdırılan ssenari üzrə keçdiyini bildirib.
"Bu oyunun proqnozunu əvvəldən demək olardı. Çünki "Lənkəran" böhran yaşayır. Komanda tam heyətlə çıxış etmirdi. Ümid edirəm ki, onlar yaxın zamanda bu vəziyyəti arxada qoyacaqlar", - deyə vurğulayıb.
Mütəxəssis oyunun nisbətən rahat keçməsinin heyət baxımından da üstünlük yaratdığını vurğulayıb:
"Buna görə də oyun bizim üçün asan alındı. Müsbət tərəfi o oldu ki, bütün oyunçulardan istifadə edə bildik. Hüseyn Məmmədov, Ayxan Aslanov və Ülvi Məmmədov oyuna daxil olub özlərini göstərdilər".
Şəhriyar Əsgərov rəqibin mübarizəsini də xüsusi qeyd edib:
"Çox da çətin olmayan qələbə qazandıq. Rəqibi təbrik edirəm. Heyətlərində çətinlik olmasına baxmayaraq, sona qədər güclü müqavimət göstərdilər. Ümid edirəm ki, uğurlarımızın davamı gələcək və qələbələr seriya halını alacaq".