Sabiq MBA ulduzu və Çin basketbolunun əfsanəsi Yao Min ölkəsinin basketbol assosiasiyasının prezidentliyindən gedib. Sport24.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Federasiya Yao Minə bugünə qədərki fəaliyyətinə görə təşəkkür etsə də, istefanın səbəbini açıqlamayıb. Amma Yaonun gedişi heç də təsadüfi deyil. Çünki, son vaxtlar Çin basketbolunda korrupsiya hallarının artması ilə bağlı məlumatlar yayılırdı. Hətta iki komanda danışılmış oyunlarda iştirakına görə çempionatdan kənarlaşdırılmışdı.
Xatırladaq ki, MBA karyerasında 8 dəfə “All Star” matçında çıxış edən Min zədə səbəbindən Amerikadakı karyerasını erkən başa vurub. 2017-ci ildə “Hyuston Rokets” klubu onun nömrəsini əbədiləşdirib.