Azərbaycan Premyer Liqasında (APL) qış fasiləsi davam edir. Arxada qalan 13 turla bağlı silsilə yazılardan növbətisini təqdim edirik. Bu dəfə penaltilərdən bəhs edəcəyik.

 

Cari çempionatda 19 penalti təyin olunub. Ən çox bunu vurmaq hüququ qazanan "Sumqayıt" olub - 5. Ən çox penaltini boşa verən də məhz bu komandadı. Belə ki, sumqayıtlılar 3 dəfə - yarımmüdafiəçiləri  Rəhim Sadıxovla Elvin Məmmədov və hücumçu Əli Qurbani bu şansdan yararlanmayıblar. Özü də Rəhim ilk penaltidən qolu vursaydı, cari çempionatın ilk qol vuran futbolçusu olacaqdı. Ancaq millimizin üzvü ilk turda "Keşlə"ylə Sumqayıtdakı matçda topu tirə vurub. Hər halda, Sadıxovun sonradan 2 dəfə 11 metrlik nöqtədən zərbəsi dəqiq olub. 

 

"Səbail" 4 dəfə penalti yerinə yetirmək imkanı qazanıb. Komandanın bombardiri olan təcrübəli hücumçu Rauf Əliyev zərbəni qola çevirə bilməyibsə, ancaq II turda "Zirə"ylə həmin ev matçında müdafiəçi Ürfan Abbasov 11 metrlik nöqtədən topu tora göndərib. "Səbail"dən yarımmüdafiəçi Əfran İsmayılovla hücumçu Amil Yunanov da penaltidən fərqlənməyi bacarıblar.

 

"Qarabağ"ın hesabında 3 penalti var. Komandanın əcnəbi yarımmüdafiəçilərindən xorvatiyalı Filip Ozobiç, kabo-verdeli Patrik Andrade 11 metrlik nöqtədən dəqiq olubsa, serbiyalı Uroş Matiç bunu bacarmayıb. 

 

"Sabah" və "Zirə" hərəyə 2 dəfə penalti vurmaq imkanına malik olub. "Qartallar"da hücumçular - gürcü Davit Volkovla Ruslan Qurbanov "11 metrlik"dən qol vura biliblər. "Sabah"da isə ilk penaltini bombardiri olan hücumçusu Ramil Şeydayev qola çevirrməyərək, hətta təkrar zərbəni də tora göndərə bilməyib. Əvəzində yarımmüdafiəçi Aleksey İsayev ilk həmlədən necə dəqiq yararlanmaq lazım olduğunu göstərib.

 

Nəhayət, tək penalti vuran komanda da var. Bu, qış çempionu "Neftçi"di. Bu vuruş komandanın bombardiriylə - yarımmüdafiəçi Namiq Ələsgərovla dəqiq olub. Halbuki, "Neftçi"də bunu yerinə yetirən kapitan Emin Mahmudov idi, penaltini də qazanan o, olmuşdu. 

 

Göründüyü kimi, 2 komanda - "Keşlə" və "Qəbələ" bu çempionatda 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanmayıb. Əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevdən bununla bağlı fikirlərini soruşduqda bu məqama özlərinin də diqqət yetirdiklərini bildirdi. Ancaq gənc mütəxəssis burda hakimlərin onlara qarşı antipatiyasının olması haqda danışmağın yersiz olduğunu də sözlərinə əlavə etdi: "Sadəcə, hücum xəttində çıxış edən futbolçularımız cərimə meydanı daxilində daha aqressiv olmalıdırlar ki, rəqib oyunçular onların qarşısını alarkən qayda pozuntuları etsinlər. Yəni, bunu mübarizəylə təhrik etmək lazımdı ki, yekun nəticədə biz də penalti vurmaq imkanı qazanaq". 

 

Hüseynov isə məsələyə bir qədər fərqli yanaşaraq, həm futbolçularını qınayıb, həm də hardasa hakimləri: "Ola bilər səhv deyə bilərəm, hakimlər daha yaxın olublar, ancaq fikrimcə, epizodlar olub ki, xeyrimizə 11 metrlik cərimə zərbəsi verilə bilərdi. Bəli, belə oyunlarımız belə olub. Ancaq bu, şəxsi fikrimdi. Ya səhv düşünürəm və ya səhv görmüşəm - bunu deyə bilmərəm, ancaq fikrimcə, hakimlərin bizim oyunlarda vermədiyi penalti epizodlarımız olub. Ancaq "11 metrliy"i qazanmaq da var. Bunu düz vurğulayırsınız ki, bunun üçün rəqibin cərimə meydanında gərək aqressiv olasan, elə yıxılasan ki, hakim nöqtəni göstərsin, sən də penaltini alasan. Elə hərəkətlər eləməlisən ki, inandırıcı olsun. Bizdə elə futbolçular olub ki, yıxılsalar, yüzdəyüz penaltidi. Ancaq axıradək oynayıblar. Necə deyərlər, futbolçu "bicliyi" etməyiblər. Əslində isə həmin futbolçuarımıza qarşı kobud oynanılıb. Buna baxmayaraq,  mübarizəni axıradək davam etdiriblər. yıxlıblar, belə deyim ki, penalatini bir az istəməyiblər, sonadək oynamaq istəyiblər". 

 

Penaltilər isə APL-in bütün təmsilçilərinin qapısına təyin olunub. Bu, ən çox "Zirə"yə olub - 5 dəfə. Bunun yalnız 2-də qol olubsa, 3-də komandanın braziliyalı qapıçısı Mateus Albino dueldən qalib ayrılıb. "Səbail"in qapısına 3 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. Hər 3 halda komandanın Qvatemala millisinin da üzvü olan qapıçısı Nikolas Hagen topu tordan çıxarmalı olub. "Sabah"ın qapısına təyin olunan hər 3 penalti də qol olub. Bunun 2-də serbiyalı qapıçısı Saşa Stamenkoviç, 1-də uruqvaylı həmkarı Alvaro Villete top buraxıb. "Neftçi"dən Aqil Məmmədov, "Qəbələ"dən Anar Nəzirov, "Keşlə"dən moldovalı Stanislav Namaşko 2 penaltidən 1-dən qalib ayrılıb. Məmmədovla Nəzirov zərbələri dəf edə bilibsə, Namaşkonun köməyinə qapı tiri çatıb. "Qarabağ"la "Sumqayıt"ın qapılarına 1 penalti təyin olunub ki, onda əlcək sahibləri Emil Balayevlə Anar Bayramov bu zərbələr qarşısında aciz qalıblar. 

 

Beləliklə, təyin olunan 19 penaltidən 13-ü qol olub. Ən çox bu qərarı verən yeni FİFA referisi Elçin Məsiyevdi - 4 dəfə. Bunun 3-də qol qeydə alınıb. Məsiyevin FİFA referisi kimi əvəzlədiyi Rəhim Həəsnov 3 penaltiylə 2-4-cü yerləri bölüşdürür. Bunun 2-də qol olub. Digər 3 penalti təyin edən də FİFA referisidi - Rauf Cabarov. Maraqlıdı ki, bunun heç birində qol olmayıb. Milli dərəcəli hakim Vüqar Həsənlinin verdiyi 3 penaltidən 2-də top qapıdan keçib. FİFA referisi Əliyar Ağayevlə gənc hakim Rəşad Əhmədov hərəyə 2 dəfə 11 metrlik nöqtəni göstərib və hər 2-də qol olub. Nəhayət, hərəyə 1 penalti milli dərəcəli hakim Rəvan Həmzəzadəylə FİFA referisi İnqilab Məmmədovun verdiyi qərarlarla reallaşıb ki, yekun nəticə topun tora qovuşması olub. 

 

 

 

MEHMAN SÜLEYMANOV