"Neftçi"nin sabiq futbolçusu Rafiq Əlizadə Moskvada dəfn olunub. Sport24.az xəbər verir ki, 72 yaşında Rusiya paytaxtında qəflətən vəfat edən veteran oyunçunun məzarına AFFA adından əklil qoyulub. Assosiasiya rəhbərliyi mərhumun xatirəsini ehtiramla yad edərək, ailəsinə başsağlığı çatdırıb. Əlizadəyə 2019-cu ilin sonundan etibarən AFFA İcraiyyə Komitəsinin qərarına əsasən assosasiya tərəfindən xüsusi təqaüd verilib.

 

Qeyd edək ki, Əlizadə 1966-72 və 1976-82-ci illərdə "Neftçi"nin formasını geyinib. O, futzal sahəsində də özünü sınayaraq, 1991-ci ildə SSRİ çempionatında Bakının "Neftçi" klubunda, habelə, futzal üzrə SSRİ yığmasının heyətində çıxış edib. Mütəxəssis 1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi məşqçisi olub.