44 günlük İkinci Qarabağ Müharibəsi. Tarixi zəfərdə futbol adamlarından, jurnalistlərdən iştirak edənlərdən də oldu. Bunlar sırasında "CBC Sport"un gənc şərhçisi Süleyman Vəliyev də yer alıb. 26 yaşlı kolleqamızla söhbətləşərək həmin günlərə səyahət etdik. 

 

- Sentyabrın 28-də, müharibənin ikinci günü idi. Ölkədə qismən səfərbərlik elan edilmişdi. Günorta işdə olduğum vaxtı qeydiyyatda olduğum Səbail rayon hərbi komissarlığından evə zəng vurublar. Dedilər ki, Süleyman orduya çağırılır, sabah gəlsin komissarlığa. Evdən mənə xəbər verəndən sonra tam anladım ki, məsələ nə yerdədi. Axşam evə gələrək, özüm də komissarlığa zəng vurdum ki, tarixlə bağlı detalları dəqiqləşdirim. Onda komendant saatı idi, səhər 6-da evdən çıxdım, 7-nin yarısı komissarlıqda oldum, siyahıya alındım, tibbi müayinədən keçdim. Hardasa 2 saatdan sonra bizi apardılar "Nasoslu"dakı (Hacı Zeynalabdin Tağıyev qəsəbəsi - red.) hərbi hissəyə. 

 

- Həm yaşını, həm də 4 il əvvəl də hərbi əməlliyatlarda iştirak etdiyini nəzərə alsaq, komissarlıqdan çağırışı gözləyirdin yəqin...

- Açığı, hə. Qismən səbərlik elan olunanda, hamımız hələ bilmirdik ki, bu, tam nədi. Həmin gün bir neçə saat açıqlamalardan sonra detallarıyla bilindi. Onda iş yoldaşlarım, dostlarım dedilər ki, o vaxt xidmət etmisən, bəlkə sənə zəng gələcək. Hələ komissarlıqdan xəbər gəlməmiş 1-2 qohum da bununla bağlı mənə yazıb maraqlandılar. Yəqin, əvvəl cəbhədə qulluq etməyimin bir önəmi var. Çünki ön xətdə olanlar çox idi səfərbərliklə çağırılanlar arasında. Məncə, tərtib olunan siyahıda ön xətt təcrübəsi hardasa nəzərə alınırdı. 

 

- Gəl, həmin 4 il əvvələ səyahət edək. Onda idman jurnalistikasında tanınmayan Süleyman Vəliyevin keçdiyi yola nəzər salaq...

- Həmin vaxt Lələtəpə döyüşlərində yox, Ağdamda olmuşam. Onda Qarabağda döyüşlər gedirdi, postda idim, mövqeyimizi qoruyurduq. Biz tərəflərdə yalnız artilleriya döyüşləri var idi. Necə ki indi müharibənin böyük hissəsi belə oldu. 2016-cı ilin aprelin 1-də həyəcan siqnalı verilmişdi. Onda çox gözlənilməz oldu - adi bir gecə idi, cəbhədə aktivləşmə oldu, ətrafda mərmilər partladı. Bildik ki, vəziyyət o deyil, həyəcan siqnalı verildi, hamı postda ayıq idi, yatmaq söhbəti yox idi. Halbuki, normalda 2 saat qulluqda idin, 2 saat istirahət edirdin. Ancaq vəziyyət bir müddət sonra tam dəyişdi. Həmin vaxt kazarmaya heç kim girmirdi, istirahət yalnız sığınacaqda olurdu. Bilənlər bilir ki, döyüş vaxtında kazarmada qalmaq olmaz. Onda həqiqi hərbi xidmətdə idim, 1 illik getmişdim. Çünki ali təhsilim vardı. Rəssamlıq Akademiyasını bitirmişəm. 2015-ci ilin yayında əsgərliyə çağırıldım. Konkret postda olduğum mövqe Ağdamda Mərzili idi. 1 illik xidmətimin yarısını orda keçmişəm. Hərbi vəzifəmə görə baş atıcıyam, fərdi silahım Kalaşnikov avtomatıdı.

 

- Budəfəki döyüşlər necə getdi? Necə paralellər apara bilərsən?

- Sözsüz ki, bu dəfə daha ciddi, qat-qat daha çətin döyüşlər idi. O vaxt bəlli mövqeyimiz vardı. Azərbaycanın illərlə artıq mövqeyi vardı, şərait, səngərlər, hər bir şey qurulmuşdu. Bu dəfə isə qabağa gedirdik və bizim üçün heç kim səngər hazırlamırdı. Getdikcə hərə öz mövqeyini tuturdu, hər öz səngərini qazırdı, hər döyüş şəraitini qururdu. Tanklarla, Xüsusi Təyinatlı Qüvvələrin arxasıyla döyüşə yollanmışıq. Mərmilərin, açıq atəşin altında qoruna-qoruna irəli getmişik. Tapşırıq konkret qabağa getmək olub, dayanmaq olmazdı. Ətrafmızda minalar, mərmilər düşsə belə...4 il əvvəlsə sadəcə, bəlli bir mövqe qoyururduq. 

 

- Hansı ərazilər üzrə döyüşlərdə iştirak etdin?

- İlk olaraq Füzuliyə getdik, bir müddət orda qaldıq, 1 həftəyə yaxın hərbi təlim keçdik. Onda Füzulinin bizə aid olan hissəsində, işğal olunmamış torpaqlarında idik. Karyer postu deyilən bir yer var, ilk olaraq ora döyüşlərə getdik. Sonra Xocavəndə üz tutduq, Füzuli ilə arasında Yuxarı Yağlıvənd kəndi var, orda döyüşlərdə olduq. Ardından mövqe tutduq, bir neçə gün orda qaldıq. Daha sonra mövqeyimiz dəyişdirildi və bizi apardılar Şuşa tərəfə - Qarabulaq kəndinə. Şuşanın özü yox, ətrafında olan kəndlərdən biri idi - məşhir Qırmızı bazarla üzbəüz. Orda mövqe tutduq, artıq əsas tapşırığımız orda idi. Bunadək döyüşlərə girirdik, ancaq sonradan bəlli idi ki, əsas missiyamız Şuşa tərəfdə imiş. Qarabulağa qalxarkən tarixi məkan olan Topxana meşəsindən keçdik, oraları da gördüm. Həmin vaxt oktyabrın son günləri, yaxud noyabrın 1-i idi. Müharibənin sonadək orda olduq. Müharibə noyabrın 10-da bitəndən sonra da bir 15 gün orda mövqe tutduq. Bizim taborun, bölüyün əsas işi ordakı mövqeni gücləndirmək idi. Noyabrın 25-i idi, bizi əvəzlədilər, düşdük Cəbrayıla. Orda komplektləşmə mərkəzimiz, məntəqəmiz vardı. Dekabrın ilk günlərinədək orda qərarlaşdıq, sonra bizi Laçına apardılar, ora qalxdıq. Dekabrın 8-də Laçın dəhlizindən keçdik, orda mövqe tutduq. Və həmin ayın sonunadək orda oldum. Dekabrın 29-da yenidən Cəbrayıla düşdüm və 2 gün sonra bizi təxris etdilər. İlin son günündə artıq evdə idim və yeni ili ailəmlə qarşıladım. 

 

- Qarabağ torpaqlarına gəzib dolaşa bildin. Necə bir hisslər keçirdin? Döyüşlərdə ruh yüksəkliyiniz necə idi? 

- Biz tərəflərdən, yaxud Qarabağın başqa bir bir bölgəsindən xəbər alanda, ruh yüksəkliyi qat-qat artırdı. Çünki həqiqətən ağır idi vəziyyət. Bir tərəfdən psixoloji tərəfdən çətin idi, şəhər həyatından çıxıb kənd həyatına da yox, müharibə şəraitinə keçmək idi. Təsəvvür edin ki, iki aydan çox torpaqda yatmışıq. Bu səngərdə də olub, hardasa fermada da. Harda mövqe tuturduqsa, orda da elə yatırdıq. Çünki müharibə şəraitində bağlı, tikili yerdə qalmaq olmazdı. Bu, təhlükəlidi, orda bir bölük qalsa, məhv olacaqdı. İki aydan çox torpaqda yatmaq psixoloji cəhətdən təsirini göstərir. Bu həyata öyrəşmək, hər gecə postda qalmaq, yorğunluq, əziyyət, gecə yuxusuzluğu....Gecə yatmaq yoxdu, ona görə ki müharibənin ən təhlükəli vaxtı gecə idi. Onda hamı ayıq növbədədi. Günorta vaxtı növbəylə istirahət edirdik. Bu da az saat idi, o qədər çox yatmırdıq. Odun-su daşımaq da üzərimizə düşən çətin işlərdən idi. Ancaq günbəgün döyüşlərdən gələn şad xəbərlər bizi sevindirirdi, əziyyətimizin boşuna olmadığına bizə inandırırdı. Həqiqətən beləydi. Ancaq əlbəttə həm fiziki, həm də pisixoloji cəhətdən çox çətin idi müharibədə. Ümid edirəm ki, bundan sonra bir də nə bizim, nə də başqa ölkənin, ümumiyyətlə, insanların başına müharibə gələcək. Əlbəttə, sadəlövh səslənsə də, buna ümid bəsləyirəm. Təki, bundan sonra heç bir problemi müharibəylə həll etmək məcburiyyətində olmayaq. 

 

- Baş atıcı olaraq nə dərəcədə sərrast idin?

- (gülür) Açıq söyləyim ki, erməni öldürməmişəm. Müasir müharibə elədi ki, əsas güc artilleriya döyüşləridi. Biz piyadalar mövqe tutmaq mənasında rol oynayırıq. Artilleriya atəşiylə ilk növbədə irəlidəki mövqeni dağıdır, qabağı təmizləyir, daha sonra arxasında kəşfiyyat, xüsusi təyinatlılar. biz tanklarla, piyadalarla gedirik həmin alınan mövqeyə doğru, get-gedə irəliləyirik, oranı gücləndiririk. Çünki əsas orda canlı qüvvənin olmasıdı. Bəlli məsələdi ki, bu olmasa, ermənilər yenidən ora girə bilərdi. Artilleriya nə qədər dağıdır-dağıtsın, canlı qüvvən orda qərar tutmasa, yenidən əlindən çıxa bilər. Müasir müharibənin, hər halda, iştirak etdiyim döyüşlərin taktikası belə olub. 

 

- Döyüşlərdə yaralanmağın olubmu?

- Çox şükür ki, məndə olmadı. Sağ-salamat evə qayıtdım. Bölüyümüzdə bir şəhid verdik - müddətdən artıq hərbi xidmətdə olan əsgər Cəbiyev Qardaşağanı. Allah rəhmət eləsin! Hardasa 10-dan artıq yaralımız oldu.

 

- Aydın məsələdir ki, müharibədə hər dəqiqənin yox, saniyənin belə hökmü var, çünki hər saniyə ölümlə üzbəüzsən. Bununla elə, ən yaddaqalan döyüş hansıdı ki, onu heç unuda bilmirsən? İndinin özündə də gözünün qabağına gəlir, bəlkə hətta yuxuna girir?

- Bəlkə də gördüyün ən çətin anlar Yuxarı Yağlıvənddəki döyüşlərdə olub. Tankarla döyüşə getdik, sonra endik, artıq piyada kimi irəlilədik. Orda bir neçə təpə vardı, onlara qalxmalı idik. Hərbi xidmət edənlər bilər ki, üzərimizdə olan tam formada idik - qoruyucu kaska, gülləkeçirməz jilet, dolu yük çantası....O ağırlıqla döyüşə gedirsən, özü də cəld olmalısan, lazımı yerə vaxtında çatmalısan. Və yalnız irəli gedirsən, ətrafına yalnız mərmilər düşür partlayır, biz isə yalnız atəş açırdıq. Bəlli məslədi ki, ermənilər də gəldiyimizi bilirdilər. Amma heç bir halda nə geriyə dönmək vardı, nə də sağa-sola baxmaq. Mərminin səsini eşitdikcə yerə uzanırsan ki, qəlpənin sənə dəyməyinə ən az ehtimal olsun. Qalxaraq durub çox əziyyətli yolu yenidən irəliləməli olursan. Ətrafa baxırdım, 30-40 metrliyimizə mərmilər düşüb partlayırdı. Bu anda söhbət metrlərdən gedirdi, hər şey ola bilərdi. Bəlkə də görə biləcəyim son mənzərənin olacağını düşünürdüm. Elə oldu ki, irəli getdik, arxaya baxanda mərmi səsi eşitdik, uzandıq yerə, mərmi düşdü, partladı. Min şükür elədik ki, sağıq. Bir də baxdım düz mərmi düşdüyü yerdə idim 7-8 dəqiqə əvvəl. Onda o təhlükəni yaşayırsan, ölümlə üz-üzə olursan. O hisslər mənim üçün ən yaddaqalandı.

 

- Bizim camiədən dəstək mənasında kimlər səninlə sıx əlaqədə olub?

- İlk növbədə çalışdığım "CBC Sport" telekanını qeyd etmək istəyirəm. Həm ailəmə dəstək oldular, həm də məndən həmişə xəbər alırdılar. Müharibə olduğu müddətdə mənə, ailəmə həm maddi, həm də mənəvi cəhətdən çox dəstək göstərdilər. Şərhçilər qrupumuzun rəhbəri olan Rüstəm Əfsərlinin özü, digərləri qardaşımla həmişə əlaqə saxlayırdı. Özümdə telefon yox idi, ətrafımda isə çox idi, evlə əlaqə saxlaya bilirdim. Düzdü, bu, həmişə yox, imkan daxilində olurdu. "CBC Sport" başda Rüstəm Əfsərli olmaqla mənə çox dəstək göstərdi bu müddətdə. Qardaşımla daim əlaqə saxlayaraq vəziyyətə nəzarət edirdilər. 

 

- Maraqlıdı, şərhçi olaraq səni tanıyan oldumu müharibədə?

- (gülür) Oldu, səsimdən çox tanıdılar. Dedilər ki, səsin çox tanış gəlir, ancaq üzünü görməmişik. Çoxu belə söyləyirdi.

 

- Həmin 44 gündə futbol, şərhçilik, Premyer Liqamız, xüsusi maraq göstərdiyin İtaliya A seriyası - düşünməyə vaxtın olmasa belə, yuxularına gəlib girirdi?

- İlk növbədə ev, doğmalar, dostlar, sizlər üçün çox darıxmışdım. Yuxuda da demək olar hər günü ailəmi, dostlarımı görürdüm. Ancaq mənim üçün sonrakı sırada futbol gəlirdi. Bu aralar "Qarabağ" da Avroliqada iştirak edirdi, məlumat almaq çox çətin idi. Dekabrdan sonra bir az imkan yarandı, o tərəflərdə internet, şəbəkə gəldi,  "Azercell" yayıldı. Evlə əlaqə saxlayanda qardaşımdan soruşurdum ki, "Qarabağ" necə oynadı, o haqda mənə məlumat verirdi. Eyni zamanda Çempionlar Liqasının qrup oyunları haqda. Ancaq məni ilk növbədə "Qarabağ" maraqlandırırdı. 10 günə yaxın oldu ki, evlə, ümumiyyətlə heç kimlə əlaqə saxlaya bilmirdim. Qarabulağa qalxanda əlaqə olmayan bir yerdə idik. O arada "Qarabağ" 2 oyun keçirmişdi. Mən də dəli olurdum ki, xəbər tuta bilmirəm təmsilçimizin nəticəsindən. Bilirdim ki, bu arada hansı tarixdə oynayır, ancaq necə çıxış etməyimdən xəbərim olmaması məni özümdən çıxarmışdı, öyrənməyi çox istəyirdim. "Azercell"in şəbəkəsi gələndən snra qardaşımla əlaqə saxlayaraq məlumat aldım. Yəni, məni o tərəflərdə hər tərəfdən Qarabağ maraqlandırdırdı - həm futbol klubu, həm də torpaqlar (gülür).

 

- İnşallah, nə vaxt işinə qayıdacaqsan və ən əsası, həmin enerjin qalıbmı?

- Qalıb! Hətta məncə, ikiqat enerjiylə dönəcəm. Bunlar boş sözlər deyil. Nə qədər sadə səslənsə də, müharibədə adi şeylərin nə qədər qədrini bilirsən, bilməyə başlamışam. Bunu başa düşmək üçün müharibə lazımdımı? Yəqin, lazımdı. İnsan psixolojiyası elədi - çox adi, xırda şeylərin müharibədə qədrini tam anladım. Bəlkə nə vaxtsa işdən yorulduğum, evdə kimdənsə, nədənsə bezdiyim, kimisə acıladığımı orda yada salırsan. Deyirsən ki, nə gözəl imiş, nə qədər boş şeylərə görə əsəbiləşmişəm, boş şeydən bezmisəm. Ancaq əslində, həyatın ayrılmaz hissəsi olan bu şeylər insanı nə qədər xoşbəxt edən şeylərdi. Həmçinin bu arada işim üçün çox darıxmışdım - həm şərhçilik, həm televiziya işinə, həm də ondan başqa qrafik dizayner kimi fəaliyyət göstərirəm, onun üçün. İndi ikiqat güclə işləməyə hazıram. Əfsərliylə danışmışam, deyib ki, inşallah, növbəti həftədən - yanvarın 11-dən işə qayıdacam. 

 

- Nə qədər "razminka" lazım olacaq sənə şərhçiliyinə dönməyin üçün?

- Əlbəttə, lazım olacaq vaxt. İşsiz qalmağım, bu müddətdə işimlə məşğul olmamaq təsirsiz ötüşməyəcək. Ancaq ümid edirəm ki, tez bir zamanda belə deyək, isinmə hərəkətlərimdən sonra tam gücümlə yenidən işimin başına keçə biləcəm. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV