Misli Premyer Liqasının VIII turunun "Sumqayıt" – "Karvan-Yevlax" oyunundan (4:1) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Nəticə xoşdur, amma oyun baxımından razı deyiləm.

 

– 4 qol vursanız da, bir neçə şansı da boşa verdiniz. Bu haqda nə deyə bilərsiniz?

– Tam heyəti yığmaqda problem var. Rəşid zədəli idi, Rüstəm və Səbuhi millinin düşərgəsində olmuşdu. İndiki məqamda əsas məqsəd tam heyətlə məşq etmək, oyun keçirməkdir.

 

– Narazı olduğunuz məqamlar hansılardır?

– Qələbə üçün sevinirəm, amma bəzi məqamlar var ki, istədiklərimi görə bilmədim. Bəzi futbolçuların fərdi səhvləri oldu.

 

– Ramalinqoma oyun epizodundan fərqlənməyə nə mane olur?

– Vacibdir ki, oyunçular epizodlar yaratsın. Ramalinqomun penaltidən imkanı oldu, fərqləndi. Bu, növbəti oyunlar öncəsi onun üçün yaxşıdır.

 

– Qış transfer dönəmində Serbiyadan tanıdığınız kimisə "Sumqayıt"a dəvət etmək fikriniz var?

– Futbolçunun hansı ölkədən olması önəmli deyil. Vacib məqam onun faydalı olmasıdır.

 

– Növbədə "Zirə", "Araz-Naxçıvan", "Qarabağ"la oyunlar var. Bu matçlar üçün xüsusi plan olacaq?

– Qarşıda çətin oyunlar var. İndiki məqamda növbəti matça hazırlaşırıq. Oyunçulardan tələbim hər matça maksimum hazır olmaqdır.