Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında təşkil olunan tura “Sərhədçi” – “Murov” matçı ilə start verilib.

Çempionatın lideri “Murov” yenə asan qələbəyə sevinib. Onlar 3 xalı rəqibini 3:0 (25:13, 25:13, 25:10) hesabı ilə məğlub etməklə aktivlərinə yazıblar. 

Günün ikinci matçında “Neftçi” “Ekspress”i sınağa çəkib. Bu qarşılaşma həm turun, həm də ikinci dövrənin son matçı olub. Oyunun qalibi üç hissədə müəyyən olunub. Pərviz Səmədovun komandası hər üç hissədə üstün oyun nümayiş etdirərək, dövrəni qələbə ilə başa vurub - 3:0 (25:15, 25:9, 25:13).

Beləliklə, iki dövrədən sonra “Murov” 20 xalla turnir cədvəlinə liderlik edir. Onlardan bir xal geri qalan “Neftçi” ikinci pillədə qərarlaşıb. Bu turda istirahət edən MOİK 15, məğlubiyyətə üzülən “Ekspress” 6 xala malikdirsə, “Sərhədçi” hələ də xal hesabını aça bilməyib. 

Qeyd edək ki, Yüksək Liqanın qalibi 4 dövrədən sonra müəyyən olunacaq.