Kişi voleybolçular arasında Azərbaycan I liqasında IV turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, bu gün “Murov” klubunun idman zalında təşkil olunan tura “Veteranlar” - “Ryuqa” oyunu ilə start verilib.

Görüş nominal qonaqların qələbəsi ilə başa çatıb. İlk hissədə 25:23 hesabı ilə qalib gələn “Ryuqa” növbəti setləri də öz hesabına yazdırıb - 26:24, 25:12. 

Beləliklə, dördüncü görüşdən 3:0 hesabı ilə qalib ayrılan “Ryuqa” çempionatda ikinci qələbəsinə sevinib.

Günün ikinci matçı da B qrupunun komandaları arasında olub. “Masallı” “Azərbaycan Ali Hərbi Məktəbi” ilə görüşüb. Oyun “Masallı”nın üstünlüyü ilə başlayıb və onlar ilk seti 25:23 hesabı ilə aktivinə yazıb. “Azərbaycan Ali Hərbi Məktəbi”nin komandası ikinci hissədə bərabərlik yaratmağa çalışsa da, bu setin də qalibi rayon təmsilçiləri olub - 25:22. Üçüncü hissə sonuncu olub. Bu hissədə də daha yaxşı oyun göstərən “Masallı” komandası 25:21 hesabı ilə qalib gəlib və xallarının sayını 8-ə yüksəldib. 

Turun üçüncü qarşılaşmasında “Həvəskarlar” “Murov-2” ilə üz-üzə gəlib. A qrupunda çıxış edən “Murov-2” komandası ilk hissədə 25:20 hesabı ilə qalib gəlib. Növbəti ikinci və üçüncü setlərdə gənclərin üstünlüyü ilə başa çatıb - 25:13, 25:22. 

Günün və IV turun son matçı “Əlincə” və “Təhsil” komandaları arasında keçirilib. Bu görüşdə günün 3 matçında olduğu kimi üç hissədən ibarət olub. Hər üç setdə qalib gələn “Təhsil” komandası bu matçı 3:0 (25:13, 25:18, 25:22) hesabı ilə qalib gələrək 9 xalla qrup liderliyini təmin edib. 

I Liqa
IV tur
30 yanvar

B qrupu
11:00. “Veteranlar” – “Ryuqa” - 0:3 (23:25, 24:26, 12:25)
12:30. “Masallı” – “Azərbaycan Ali Hərbi Məktəbi” - 3:0 (25:23, 25:22, 25:21)

Turnir cədvəli: “Masallı” – 8 xal, “Ryuqa” – 7, “Azərbaycan Ali Hərbi Məktəbi” – 6, “Veteranlar” – 3, “Aura” – 0 

A qrupu 
14:00. “Həvəskarlar” – “Murov-2” - 0:3 (20:25, 13:25, 22:25)
15:30. “Təhsil” – “Əlincə” - 3:0 (25:23, 25:18, 25:22)

Turnir cədvəli: “Təhsil” – 9 xal, “Əlincə” – 4, “Murov-2” – 6, “Taleh-A.T”- 3, “Həvəskarlar” – 2