Voleybol üzrə Azərbaycan yığmasının üzvü Kristina Besman təlim-məşq toplanışını dəyərləndirib.

Sport24.az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə açıqlama verən voleybolçu bunları söyləyib:

“Klub yarışları gec başa çatdığı üçün millinin məşqlərinə bir az gec qoşuldum. Mövsüm bitdikdən sonra qısa müddət olsa da, zədələrimin müalicəsinə də vaxt ayırdım. Hələ də müalicə davam edir və bir neçə günə hər şey arxada qalacaq. İslamiadanın və Avropa təsnifat mərhələsinin oyunlarının məsuliyyətini hiss edirəm. Bu səbəbdən də hər bir məşqdə iştirak etməyə çalışıram.
Təlim-məşq toplanışını iyunun 25-dən Mingəçevirdə davam etdirəcəyik. Yaxın günlərdə bir neçə aparıcı voleybolçumuzun da bizə qoşulacağı gözlənilir. İyulda əsas üstünlük komanda şəklində məşqlərə və yoxlama oyunlarına veriləcək. İnanıram ki, həm İslamiadada, həm də AÇ-2023-ün təsnifat oyunlarında yaxşı çıxış edəcəyik. Komandamıza uğurlar arzu edirəm”.