Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vurub.

Sport24.az xəbər verir ki, 14 gün hazırlıq keçən komandamız Türkiyənin U-18 yığma komandası ilə 12 görüşün 8-də qələbə qazanıb.

Komandanın başçılıq edən braziliyalı mütəxəssis Joanildo Costa Juniorun yığmanın hədəfləri ilə bağlı fikirlərini bölüşüb: "Bakıda çox xoşbəxtəm. Özümü evimdəki kimi hiss edirəm. İnsanlar şən və qonaqpərvərdirlər. Ölkədə təhlükəsiz mühit mövcuddur və bu, bizim hazırlığımızın keyfiyyətinə də əhəmiyyətli dərəcədə töhfə verir. Təqdirəlayiq haldır ki, Azərbaycanın gənc idmançıları məşqlərə ciddi yanaşırlar. Bu istiqamətdəki irəliləyişi yüksək qiymətləndirirəm. U-18 Avropa çempionatında hədəfimiz yüksəkdir, hər mərhələdə uğurla çıxış edib mümkün qədər irəli getmək üçün çalışacağıq. Prioritetimiz yarışın əsas mərhələsinə vəsiqə qazanmaqdır. Bundan sonra artıq finala qədər oyun-oyun irəliləmək niyyətindəyik.

Joanildo Costa Junior Antalyadakı məşqlərlə bağlı da fikirlərini bölüşüb: "Antalyadakı hazırlıq komandamızın texniki, taktiki və fiziki inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Gündəlik olaraq iki dəfə məşq etdik, həmçinin eyni yaş kateqoriyasından olan Türkiyə voleybolçuları ilə yoxlama oyunları keçirdik. Bütün bunlar bizə çatışmazlıqları və səhvlərimizi müəyyənləşdirməkdə, eləcə də texniki və taktiki hazırlıqlar üzərində daha artıq işləməyimizdə çox kömək olur. Burada çimərlik voleybolu və ümumiyyətlə idmanla peşəkar səviyyədə məşğul olmaq üçün hər bir şərait yaradılmışdır. Düşünürəm ki, Antalya toplantımız ümumilikdə çox uğurlu və səmərəli alındı".