Hər idman növünün öz dinamikası var. Fiziki idman üçün insanın qabiliyyətli olması nisbətən asandır. Psixoloqlar təcrübələrinə əsasən iddia edir ki, əgər uşaq oyuncağı rahat şəkildə idarə edir, onu hədəfə uğurla yerləşdirib və buna bənzər digər tələbləri xüsusi bacarıqla, köməksiz yerinə yetirə bilirsə, bu zaman onun bacarıqlı olduğu qənaətinə gəlmək olar.

​Lakin şahmat üçün bu fikirlər keçərli deyil. Şahmat beyin fəaliyyətinin təsiri ilə gerçəkləşən bir zəka oyunu olsa da, burada uğur qazanmağın sirri tam fərqlidir.

​Elm sübut edir ki, normal insanlar qərar verərkən sağ beyinlərilə düşünür və onlarda sağ beyin daha aktiv olur.​  İQ-sü yüksək və mütəmadi olaraq şahmatla məşğul olan şəxlərdə isə sol beyin daha ​çox inkişaf etmiş olur.​ Ən maraqlısı budur ki, şahmat oyunu zamanı oyuncu hər iki beynilə düşünüb qərar verir və bu da zəkanın sürətli inkişafına çox böyük təsir göstərir.

​Azərbaycanın ilk qadın şahmat hakimi Ülkər Umudova “Erkən yaşdan şahmata başlamaq nə dərəcədə doğrdur?” sualımıza cavab olaraq bildirdi ki,​ “hər istedadlı uşaq şahmatda uğur qazanacaq” və ya əksinə, “bacarıqsız uşaq şahmatda uğur qazana bilməz”- deyə də bir fakt yoxdur.​

​Beynəlxalq dərəcəli hakimin fikrincə, beyin gimnastikası adlanan bu oyunda uğurlu nailiyyət əldə etmək üçün oyunçunun ilk növbədə səbrli, soyuqqanlı, məğrur və əzmli olması mütləqdir. Hər bir uğuru həvəslə yanaşı, doğru istiqamətləndirilmə ilə əlaqələndirən əməkdar məşqçi Umudova “erkən yaşdan bu idmanla maraqlanan balaca şahmatçı valideyn dəstəyi, ​keyfiyyətli məşqçi və düzgün təlimin əsasında təbii ki, böyük uğurlar qazana bilər. Bizim şahmat klubu dünyanın aparıcı şahmat tədris – təlim metodu ilə yanaşı, valideyn məşqçi münasibətinə də çox önəm verir. Klubuzda mütəmmadi olaraq valideynlərlə görüşlər keçirilir, onların​ da iştirakı ilə açıq dərslər və ailə yarışları təşkil edirik”- deyə, vurğuladı.

Ülkər xanım əlavə olaraq bildirdi ki, uşaqlarda zəkanın inkişafının ən intensiv ​ ​ dövrü 4-14 yaş arasındadır və beyni doğru yönəltmək üçün çox yaxşı olardi ki, övladlarımızı daha kiçik yaşdan bir sıra zəka oyunlarına, xüsusən şahmata istiqamətləndirək.

​Ümumiyyətlə, son 10 ilə nəzər saldıqda görürük​ ki, yaşlarının az olmasına baxmayaraq şahmat aləmində yetərincə tanınan istedadlı gənc, hətta uşaq şahmatçılar meydana çıxdı. Bildiyimiz kimi qrossmeyster olmağın rəsmi ​ yaşı 12-dən başlayır.​ Ötən əsrdə sadəcə bir neçəsinin adını çəkə bilicəyimiz gənc şahmatçıların sırasına, günümüzdə hər an yeni adlar əlavə edilməkdədir.​ ​

 

Bu bir reallıqdır ki, bir dövlət üçün istedadlı gənclərin yetişdirilməsi, həmin dövlətin uğurlu gələcəyinin müjdəsidir.​ Bu baxımdan ölkəmizdə​ zəkanın inkişafına müsbət təsiri olan şahmata həvəs və marağın artması sevindiricidir. Dövlət də daima onların uğurlarını izləyir və dəstəkləyir.

“Ağ At” şahmat klubunun rəhbəri, respublikanın əməkdar məşqçisi Ülkər xanım bildirdi ki, bütün inkişaf etmiş ölkələrin təhsil sisteminə nəzər saldıqda şahmatın əsas fənn olaraq tədris edildiyinin şahidi oluruq: “Misal olaraq bizə qonşu olan Rusiyanı götürək. 40 ildən çoxdur şahmat əksər rus məktəbləri üçün tədris planının bir hissəsidir. Məktəb proqramını yaxşı qavramaq, tapşırıqları səbrlə həll etmək, düşünmə bacarıqları və özgüvəni artırmaq məqsədilə çox erkən yaşdan məktəblərdə əsas fənn olaraq şahmatın nəzəriyyəsi və praktikası ​ məcburidir. Ailələ hətta bununla kifayətlənməyib əlavə şahmat klublarına müraciət edirlər”.

 

Heç də real deyil ki, şahmatla məşğul olan hər bir uşaq gələcəkdə mütləq qrossmeyter olmalıdır. Yox, bu mümkün ola da bilməz. Çünki hər bir şagirdin qavraması və gələcəklə bağlı peşəseçmə arzusu müxtəlifdir. Lakin bu sehrli idmanın beyində qoyduğu təsirlər nəticəsində həmin şəxslərin mükəmməl həkim, alim və ya hər hansı bir peşədə mutəxxəsis olacagı mütləqdir. ​

SEVDA BABAYEVA