Azərbaycanlı şahmatçı Rauf Məmmədov Dohada (Qətər) keçirilən rapid və blits üzrə dünya çempionatında 10-cu yeri tutur. Sport24.az xəbər verir ki, kişilərin turnirində doqquz turdan sonra şahmatçımız 6,5 xal toplayıb və hazırda ümumi cədvəldə təmsilçilərimiz arasında ən yaxşı göstəriciyə malikdir.
Qadınların turnirində səkkiz turdan sonra azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni 5,5 xalla 21-ci yeri tutan Günay Məmmədzadə göstərir.
Qeyd edək ki, ümumilikdə dünya çempionatında ölkəmizi 17 şahmatçı təmsil edir. Kişilərin turnirində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abbasov, Məhəmməd Muradlı, Xaqan Əhməd, Riad Səmədov və Murad İbrahimli çıxış edirlər. Qadınların yarışında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayevə, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova və Mələk İsmayıl iştirak edirlər.
Dohada dünya çempionatı dekabrın 30-dək davam edəcək, turnirin ümumi mükafat fondu isə 1 milyon ABŞ dollarıdır.