Dekabrın 10-11-də ABŞ-da sərbəst və qadın güləşi üzrə dünya kuboku keçiriləcək.

Sport24.az xəbər verir ki, Ayova ştatının Koralvill şəhərində keçiriləcək hər 2 yarışda ölkəmiz fərdi qaydada təmsil olunacaq.

Sərbəst güləşdə dünya yığmasının tərkibində Osman Nurmaqomedov (92 kq) yer alıb. Bu komanda B qrupunda Yaponiya və İranla mübarizə aparacaq. A qrupunda isə ABŞ, Gürcüstan və Monqolustan çıxış edəcək.

Qadın güləşində isə dünya yığmasının heyətində Jalə Əliyeva (57 kq) yer alıb. Bu komanda B qrupunda Çin və ABŞ-la gücünü sınayacaq. A qrupunun iştirakçıları Yaponiya, Ukrayna və Monqolustandır.

Reqlamentə əsasən, ayın 10-da qrup görüşləri keçiriləcək. Qrup qalibləri finala, qruplarda ikinci yeri tutan komandalar isə bürünc medal uğrunda görüşə vəsiqə qazanacaq. Final və 3-cü yer uğrunda qarşılaşmalar dekabrın 11-də baş tutacaq.