"Qrupda bizim üçün asan olduğunu deyə bilmərəm. Dördüncü turdan sonra problemi həll etsəydik, bəli, asan bir qrup olardı. Ancaq AVRO-2022-yə səfərimiz son turda Moldovayla səfər matçında həll olunurdu, bundan əvvəl evdə isə onlarla güclə heç-heçəni xilas etdik. Bundan əlavə, Moldova millisinin qarşısında daha sərfəli mövqedə olmaq üçün Azərbaycandan da mütləq xal almalı olduq. Buna görə, ilk baxışdan göründüyü kimi, sadə bir təsnifat mərhələsi deyildi". Sport24.az xəbər verir ki, bu fikirləri Slovakiya futzal yığmasının kapitanı Tomaş Draxovski Moldova mətbuatına müsahibəsində deyib.
Avropanın da ən yaxşı futzalçılardan sayılan, İspaniyada legioner həyatı yaşayan bu hücumçu millimizlə qrup lideri uğrunda mübarizədə uduzmalarından söz açarkən, mükafat məsələsi ilə bağlı sualı cavablandırıb. Məsələ ondadır ki, moldovalı həmkalarımız futzal yığmamıza final mərhələsinə vəsiqəyə görə 30 min dollar mükafat verildiyini iddia edir. Məbləği bilməyən Draxovski isə bunun 10 min avro/dollar olduğunu ehtimal edib: "30 min? Heyrətamiz. Bizdə daha azdı. Avropa çempionatına çıxmaq üçün bizə 14 min avrodan bir qədər çox məbləğ vəd olunmuşdu. Ancaq bu, bütün komandaya aid idi".
Xatırladaq ki, bu gün Yunanıstanla ev matçıyla qrup mübarizəsini baş vuracaq millimiz son turun nəticəsindən asılı olmayaraq tarixində ardıcıl 6-cı dəfə qitə birincilyinin final mərhələsinə vəsiqə qazanıb.