Azərbaycanlı pilot Davin Cəfərov "Formula-4" yarış sessiyasında debüt edib. Sport24.az xəbər verir ki, test yürüşləri Portuqaliyanın Portimau şəhərində - ən çətin və müasir traslardan birində keçirilib.

 

Bu trekdə "Formula-1" və MotoGP kimi nüfuzlu yarışlar da təşkil olunur.

 

"Formula-4"də yeni iştirakçılar üçün, xüsusilə ikinci sessiyadan sonra qəzalar adi hal sayılsa da, Cəfərov ilk testini qəzasız başa vurub. O, yağışlı hava şəraitində 224 km/saat maksimal sürətə çataraq yüksək performans nümayiş etdirib.

 

Buna baxmayaraq, sponsor məsələləri həll olunmadığı üçün azərbaycanlı pilot cari mərhələdə yarışa qatıla bilməyəcək. Cəfərov maliyyə problemləri aradan qalxdıqdan sonra əvvəlcə "F-4"də, daha sonra "F-3" və "F-2"də gözləntiləri doğruldaraq əsas məqsədi olan "Formula-1"ə doğru irəliləyəcəyinə inanır. Onun əsas hədəfi Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil etməkdir.