UEFA 2028-ci il Avropa Çempionatının oyun cədvəlini təsdiqləyib. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yerləşdirilib.
Mötəbər turnir çərçivəsində cəmi 51 oyun planlaşdırılıb. A qrupundan olan komandaların iştirak edəcəyi çempionatın ilk oyunu 9 iyun 2028-ci ildə Kardiffdəki Uels Milli Stadionunda keçiriləcək. Yarımfinallar (4 və 5 iyul) və final (9 iyul) Londondakı Uembli Stadionunda keçiriləcək.
Avro-2028-in oyunları Mərkəzi Avropa vaxtı ilə 15:00, 18:00 və 21:00-da başlayacaq. Final isə Mərkəzi Avropa vaxtı ilə 18:00-da (yerli vaxtla 17:00) start götürəcək.
Qeyd edək ki, AÇ-2028-ə İngiltərə, İrlandiya, Şotlandiya və Uels ev sahibliyi edəcək.